Bu gün Baş prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. Lent.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.
Daha sonra Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” memorialı önünə əklil qoyublar.
Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq, tam aşkarlıq şəraitində, şəffaf prosedurlarla, ciddi ictimai nəzarət altında beynəlxalq və qeyri-hökumət təşkilatlarının müşahidəsi ilə keçirilən müsabiqədə seçilən ən layiqli namizədlər müxtəlif vəzifələrə təyinatlar alıblar.
Diqqətə çatdırılıb ki, 2002-ci ildən başlayaraq keçirilən 13 müsabiqə nəticəsində işə qəbul edilmiş 627 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 58 faizdən çoxunu təşkil edir.
Baş prokurorunun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr təqdim edilib.
Baş prokuror Zakir Qaralov mərasimə yekun vuraraq prokurorluğa qulluğa qəbul olunan gəncləri təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirib.
Mərasim iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul edilib.
Sonda prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün 100 ştat vahidi üzrə növbəti müsabiqənin elan edilməsi barədə məlumat verilib.