“Azərbaycanda müəllimlərin hazırlanması və işlə təminatı sahəsində mühüm dəyişikliklər ediləcək”. Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib ki, son illər Azərbaycan kolleclərində müəllim hazırlığı məhdudlaşdırılıb. Bundan sonra Təhsil Nazirliyinin bu işlə daha ciddi məşğul olmaq fikrində olduğunu deyən F. Qədirov qeyd edib ki, son illər nazirlik tərəfindən müəllimlərin işə qəbulu həyata keçirilir: "Ötən il 20 minə yaxın müəllim mərkəzləşmiş müsabiqədə iştirak edib. Onun xeyli hissəsi kollecləri bitirən məzunlar olub. Ancaq onlardan yalnız barmaqla sayılacaq qədər məzun işə qəbul olunub. Buna əsasən deyə bilərik ki, kolleclərdə müəllim hazırlığının keyfiyyəti bizi qane etmir. Beynəlxalq təcrübədə də kollec səviyyəsində müəllim hazırlanmır. Müəllimlər yalnız ali təhsil, hətta bəzi ölkələrdə magistratura səviyyəsində hazırlanır. Dövlət Strategiyası çərçivəsində kolleclərdə müəllim hazırlığının tamamilə məhdudlaşdırılması və yalnız ali təhsil səviyyəsində hazırlanmasına keçilməsi qarşıda duran əsas vəzifələrdən biridir".
F. Qədirov qeyd edib ki, Azərbaycanda bakalavr təhsili 4 ildir və müəllim bu illəri başa vurduqdan sonra müəllim kimi məktəbdə fəaliyyət göstərə bilər. Onun sözlərinə görə, həmin 4 ildən 3 ili ərzində müəllimlərin pedaqoji sahə üzrə nəzəri biliklər əldə etməsi nəzərdə tutulu: "Son bir ildə isə həmin şəxslər bilavasitə məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilər. Hətta fikrimiz var ki, ehtiyac olan ucqar kənd məktəblərinə də müəllimlər göndərilsin və orada işləsinlər. Orada təcrübəli müəllimlər onlara rəhbərlik etsinlər. Təcrübə mübadiləsi sayəsində gənc müəllimlər peşəkar təcrübi bacarıqlar əldə edərək məktəbə hazırlıqlı müəllim kimi gəlsinlər".
Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda yaxın zamanlarda müəllimlik ixtisasına qəbul zamanı müəyyən dəyişikliklər həyata keçiriləcək: "Hazırda bu sahədə qabiliyyət imtahanların keçirilməsi ilə bağlı müzakirələr aparılır. Düşünürük ki, gələcəkdə müəllimlər düşünərək, dərk edərək bu peşəni seçməlidirlər. Hesab edirik ki, qısa zamandan sonra müəllimlik ixtisasına qəbulda müəyyən dəyişikliklər həyata keçiriləcək”