Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları”na dəyişiklik edilməsi haqqında əmr imzalayıb.
Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Qaydalara edilən dəyişikliyə əsasən, Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində 65 yaş həddinə çatmış müəllimlərlə çalışmanın yaş həddi müəssisə rəhbərləri tərəfindən hər dəfə 1 il olmaqla 5 ildən çox olmayaraq uzadıla bilər. 70 yaşdan sonra çalışma müddətinin uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr tarixli qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə tabeçilik üzrə idarəetmə orqanı rəhbərinin razılığı əsasında həyata keçirilir.
İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin razılıq ərizəsi əsasında fiziki tərbiyə, texnologiya, musiqi və təsviri incəsənət dərsləri ixtisas müəllimləri tərəfindən tədris edilə bilər. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda informatika fənnini ibtidai sinif müəllimi apara bilər.