Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan müdafiə nazirliyinin bəyanatına cavab verib.
APA–nın MN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, MN-nin cavabında İrəvandakı hərbi-siyasi rejimin növbəti dəfə Ermənistan müdafiə nazirliyinin yaydığı bəyanatla ölkədəki acınacaqlı vəziyyəti etiraf etmək məcburiyyətində qaldığı bildirilir.
Qeyd olunub ki, Ermənistandan fərqli olaraq Azərbaycanda Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti dövlətimizin və onun rəhbərliyinin diqqət mərkəzində olduğu kimi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki təminatının artırılması Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin birbaşa nəzarətindədir.
“Həqiqətən də ağır iqtisadi vəziyyət, yoxsulluq səviyyəsinin yüksəlməsi, inflyasiyanın sürətlənməsi, demoqrafik durum, kütləvi miqrasiya Ermənistandakı sosial-iqtisadi şəraiti partlayış həddinə çatdırıb. İyul ayının sonları və avqustun əvvəllərində qoşunların təmas xəttində xeyli sayda canlı qüvvə sarıdan itki verən erməni tərəfi bu gün də özünə gələ bilməyib. Düşmən tərəfinin hərbi rejimi həmişə olduğu kimi yenə də həqiqətə uyğun olmayan məlumatları qəsdən erməni ictimaiyyətinə zorla qəbul etdirir və onu informasiya vakuumunda saxlayır.
Bir çox beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistanın hərbi-siyasi rejimi daxili problemləri həll etmək əvəzinə, erməni xalqının fikrini əsas məsələlərdən yayındıraraq günahı Azərbaycan tərəfində görməyə üstünlük verir. Ermənistanın hərbi potensialının və iqtisadiyyatının bütövlükdə ayrı-ayrı xarici dairələrin əlində cəmləşməsi, silahlanmadakı hərbi texnikanın döyüşə hazır vəziyyətdə olmaması və taktiki-texniki baxımdan köhnəlməsi, peşəkar hərbi təhsil sisteminin tam formalaşmaması, ordudakı intizamsızlıq, korrupsiya, qeyri-döyüş itkilərinin, yoluxucu xəstəliklərin, çağırışdan boyun qaçıranların sayının kəskin surətdə artması, demoqrafik vəziyyətlə əlaqədar hərbi hissələrdə və ön xətdə əsgər çatışmazlığı, bu səbəbdən də onların əvəzinə qeyri-peşəkar yerli əhalinin səngərlərdə istifadə edilməsi, müqaviləli xidmətə keçid adı altında kriminal keçmişə sahib və Ermənistanın müxtəlif oliqarx dairələrinin nəzarətində olan silahlı qruplaşmaların üzvlərinin orduya cəlb olunması qonşu dövlətin hərbi təhlükəsizlik sektorunun hansı vəziyyətdə olmasını açıq-aydın nümayiş etdirir.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatı ciddi qəbul etmir və bunu ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin qayğısı nəticəsində Silahlı Qüvvələrimizin artan hərbi potensialı qarşısında ruhdan düşən narazı erməni ictimaiyyətinə ünvanlanan təsəlli kimi qiymətləndirir”, - deyə MN-nin cavabında vurğulanıb.