"Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bunu Komitə sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. "Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Ölkə dindarlarını xarici təsirlərdən qorumaq daha çox ruhanilərin üzərinə düşən məsuliyyətdir".
DQİDK-nin sədri onu da vurğulayıb ki, dindarlar əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıdır.