Artıq neçə ildir ki, Azərbaycanda müəllimlərin işə qəbulu imtahanlarla aparılır. Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin son günüdür. Lent.az-ın məlumatına görə, iyulun 21-dən başlayan imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında keçirilir.
2015-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 24 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 795 nəfərin ərizəsi qəbul olunub. Müsabiqəyə müraciət edənlər daha çox ibtidai sinif müəllimləridir. İmtahanlarda iştirak edənlərin böyük əksəriyyəti 35 yaşadək gənclər olub. Elə bugünkü, sonuncu imtahanı da ibtidai sinif müəllimliyinə qəbul üçün keçirilirdi.
Sonuncu imtahan gününü izləmək üçün İqtisad Universitetinin 2-ci tədris binasında olduq.
Namizədlər növbə ilə içəri buraxılır, yoxlanılır, daha sonra imtahanlar bağlı təlimatları dinləyirlər. Burada onlara imtahanın qaydaları, nəyi edib, nəyi etməməli olduqları izah olunur. Məlumatlandıqdan sonra imtahan otaqlarına gedirlər.
İmtahan 90 dəqiqə davam edir. Kompüterin küncündə saat geri sayım şəklində göstərilir və imtahanda iştirak edənlər öz vaxtlarını dəqiq bilirlər. Kompüterlə keçirildiyi üçün imtahan verənlər bütün sualları cavabladıqdan sonra nəticələrini bilirlər.
Vakant yerlər üçün rayonlar üzrə keçid balı 36, şəhərlər üzrə isə 48 baldır.
İndiyədək imtahan vermiş namizədlər bu gün saat 20:00 da seçdikləri vakant yerlərə qəbul olub-olmadıqlarını öyrənə biləcəklər.
İmtahan suallarını tez cavablandırıb çıxan namizədlərin təəssüratını öyrəndik. Bəziləri sualları olduqca çətin olduğunu söylədi, bəziləri isə normal olduğunu. İmtahandan ilk çıxan 10 nəfərədək namizəd arasında 14 baldan 48 bala qədər müxtəlif nəticələr toplayanlar vardı.
Nərmin Əlizadə 24 bal toplayıb. Hesab edir ki, imtahan çox çətin deyildi. Məntiq sualları bir az düşündürücü olub.
Yaqut Səmədova 32 bal toplayıb. Məntiq və riyaziyyatın nisbətən çətin olduğunu söylədi.
Əmiraslanova Ülviyyə 43 bal toplayaraq, imtahanın sevincini yaşayırdı. Sadəcə, ixtisas fənni ilə bağlı məsələlərdə çətinlik çəkdiyini, digərlərinin isə nisbətən rahat olduğunu söylədi.
Söhbət etdiyimiz namizədlərin əksəriyyəti daha çox məntiq suallarının çətinliyindən gileyləndilər. Hamısının razı olduğu yeganə məqam isə imtahanın təşkili, ciddi keçməsi idi.
İmtahanın gedişini Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini İlham Nağıyev də izləyirdi. O, Lent.az-a açıqlamasında bildirdi ki, bu gün imtahanların son günüdür və axşam nəticələr elan olunacaq.
- Bu tarixə qədər imtahanla bağlı şikayətlər daxil olub?
- Nəticələr bu axşam elan olunacaq. Şikayət varsa, sabahdan daxil olacaq. Daxil olan şikayətlər isə daha çox namizədlərin seçdikləri yerləri dəyişdirmək istəyi olur. Ümumilikdə, bu günə qədər isə imtahan prosesi ilə bağlı şikayətlər, qayda pozuntuları halları olmayıb.
Namizədlərin göstərdikləri nəticələr, bilik səviyyəsi ilə bağlı sualımıza cavab verən İlham Nağıyev bildirdi ki, cəmi 3461 vakant yeri var: “Ona görə də 17 mindən çox namizəd işə qəbul ola bilməyəcək. Fənlər üzrə baxdıqda 80-85%, bəzilərində 100% faiz yerlər dolub. Bu axşam bütün məlumatlar dəqiqləşəcək”.
O ki qaldı sualların çətinliyinə, İ.Nağıyev deyir ki, suallar tam məktəb proqramı üzrə hazırlanıb: “İmtahan üç hissədən ibarətdir: ixtisas, metodika, məntiq. İxtisas sualları sırf məktəb proqramı ilə bağlıdır. Sentyabrda işə başlayan müəllim nəyi tədris edəcəksə, məhz həmin proqramdır. Əgər proqramın suallarını cavablandıra bilmirsə, həmin namizəd işləyə bilməz, birmənalı şəkildə. Metodika da eyni qaydadır. Məntiq isə təfəkkürlə bağlıdır. Suallar elə tərtib olunub ki, proqramı bilən şəxs cavablandıra bilər”.