7 dekabr 1918-ci il tarixi yəqin ki, hər bir azərbaycanlıya tanışdır. Məhz bu tarixdə müsəlman şərqi tarixində ilk Demokratik Prespublika olan Azərbaycan Xalq Cumhuriyyətinin ali qanunverici orqanı - AXC parlamenti öz işinə başlamışdır.
Son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə yaranmış Azərbaycan Xalq Cumhuriyyəti bütün bu çətinliklərə baxmayaraq Şərqdə ilk müstəqil demokratik respublika yaratmağa nail olmuş və dünyanın nüfuzlu dövlətləri tərəfindən de-fakto tanınmışdır. Elə AXC Parlamenti də Şərqdə ilk parlament olaraq tarixə həkk olunmuşdur.
O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik inkişaf yolu tutmuşdur. Bunun bariz nümunəsi də o olmuşdur ki, 19 noyabr tarixli iclasda Azərbaycan ərazisində yaşayan bütün millətlərə parlamentdə təmsil olunma hüququ verilmişdir.
Azərbaycan Milli Şurası ölkə əhalisinin hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün gürcülər və polyaklara da hərəsinə bir deputatla parlamentdə təmsil olunma şansı verildi.
Təbii ki, bu faktlar o dövr Azərbaycan Xalq Cumhuriyyətinin nə qədər demokratik dövlət olmasının göstəricisi idi, lakin məhz həmin dövr üçün çox böyük səhvlərdən biri idi. Xüsusən Azərbaycanın strateji mövqeyi, münbit şəraiti, o cümlədən, maddi-mənəvi sərvətlərini diqqət mərkəzində saxlayan işğalçı ölkələrin millətlərinin bu parlamentdə təmsil olunmağı onlara parlament daxilində ixtilaflar yaratmağa çox böyük şans yaratdı. Azərbaycanın müstəqilliyi ilə heç zaman barışa bilməyən ermənilər bir müddət parlamentdə iştirakdan imtina etsə də parlamentə qatıldıqdan sonra Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etməyə başladılar.
Bundan əlavə 11 fraksiya və qrupun fəaliyyət göstərdiyi bir parlamentdə ümummilli mənafe nəzərə alınmır və yaranan fikir ayrılıqları olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Məhz bunlar həmin qrup və fraksiyaların parlament daxilində yeritdiyi anti-azərbaycan siyasətinə, Azərbaycanın Sovet Rusiyasına birləşdirmək üçün həyata keçirilən fəaliyyətə və Qızıl Ordunun ölkəyə müdaxiləsinə onlar tərəfdən dəstək verilməsinə rəvac vermişdir.
Lakin bütün səhvlərə baxmayaraq Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin iz qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə müstəqil dövlət quruculuğu təcrübəsini bir daha sübut etdi.
Şərq tarixində qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verən, milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən, öz dövlətçilik atributlarını – müstəqil dövlətin bayrağını, gerbini və himnini qəbul edən, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm addımlar atan Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycanın müstəqil dövlət quruculuğu sahəsində mühüm təcrübənin qazanılması üçün əsas rolunu oynamışdır.
Bu gün də ümummilli lider Heydər Əliyev tərəfindən Sovet hakimiyyətinin buxovlarından azad olaraq yenidən bərpa edilən müstəqillik və yaradılmış Azərbaycan Respublikası məhz o dövr Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq həmin dövrdə mövcud olan çatışmazlıqları aradan qaldırmağa çalışır və dövlətimizi daha da möhkəmlətmək yolunda ciddi fəaliyyət göstərir.
ləman Xəlİlova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı