“Efir televiziyası da, kabel televiziyası da, peyk televiziyası da, internet televiziyası da eyni işi görür. Necə olur ki, efir, kabel, peyk televiziyası tənzimlənir, internet televiziyası tənzimlənmir? Bu, tək Azərbaycanda deyil, dünyada ən ciddi məsələlərdən biridir”.
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.
N.Məhərrəmli deyib ki, internetin özünün tənzimlənməsi Avropa Şurasına üzv ölkələrdə hələ də həll olunmamış məsələ kimi qalır. Onun sözlərinə görə, MTRŞ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə hələ 2004, 2005 və 2006-cı illərdə internetin tənzimlənməsi ilə bağlı bir neçə konfrans keçirib, fikirlərini açıqlayıb: “İnsanların real həyatdakı mövcud vəziyyəti qanunlarla tənzimlənir, amma virtual fəaliyyətimiz tənzimlənmir. Lakin real həyatdakı vaxtımızla virtual məkandakı vaxtımız getdikcə bərabərləşir. İnsanlar daha çox öz fəaliyyətini virtual məkanda qurur. İnsanlar kitab və qəzet oxumağı da, alış-verişi də, poçt məsələsini də virtual məkanda həyata keçirir, amma bunlar tənzimlənmir. Real həyatda insan küçədə hər hansı qanunu pozsa, onu qanuna riayət etməyə dəvət edəcəklər. Yaxud insan avtomobilə yol hərəkəti qaydasını pozarsa, saxlanılacaq. Lakin virtual məkanda bu tənzimləmə yoxdur. Ona görə də bütün dünya bu məsələnin üzərində düşünür ki, necə etsinlər. Çünki virtual məkanın sərhədləri yoxdur. Bəzi ölkələr internetə məhdudiyyətlər barədə düşünür, təbii ki, bu da dünyada qəbul olunmur. Biz də Avropa Şurasına üzv ölkələrin təcrübəsini əsas götürəcəyik. Bu, elə bir məsələdir ki, birlikdə və bütövlükdə həll olunmalıdır. Hər bir ölkənin bununla bağlı xüsusi qanun verməsi məqsədəuyğun deyil”.
MTRŞ sədri bildirib ki, artıq cəmiyyət tərəfindən bu sahənin məcburi qaydada tənzimlənməsinə sifarişlər olacaq: “Artıq dövlətlər, qurumlar yox, cəmiyyətlər belə qanunların olmasını istəyəcək”.