MTRŞ bəzi verilişlərlə bağlı qərar qəbul edəcək
03 mart 2015 12:14 (UTC +04:00)

MTRŞ bəzi verilişlərlə bağlı qərar qəbul edəcək

 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli hazırda Azərbaycanda yeni televiziya kanallarının yaradılmasına ehtiyac görmür.

 

APA-nın məlumatına görə, N.Məhərrəmli jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan kimi əhalisi, ərazisi olan ölkələr üçün mövcud sayda televiziya kanalları yetərli və qənaətbəxşdir.

 

N.Məhərrəmli bildirib ki, televiziya kanallarının sayının artması bütün televiziya kanallarının özlərinə ziyan olur: “Çünki reklam bazarı, maddi-texniki baza və auditoriya ilə bağlı vəziyyət ürəkaçan deyil. Lakin gələcəkdə hər hansı zərurət yaranarsa, yeni televiziya kanalları da açıla bilər”.

 

Telekanalların efirində yol verilən qüsurlara gəlincə, N.Məhərrəmli qeyd edib ki, indiyə qədər MTRŞ telekanalların yaradıcılıq siyasətinə qarışmayıb: “Amma qanunvericiliyə son dəyişiklikdən sonra MTRŞ bu sahədə işlərini daha da artıracaq, telekanallarda gedən verilişlərin kontentinə ciddi fikir verəcək. Hesab edirəm ki, bu, bizim üzərimizə düşən ən məsuliyyətli işlərdən biridir. Yaxın vaxtlarda MTRŞ-in Monitorinq şöbəsinin araşdırmalarının nəticəsinə uyğun olaraq addımlar atacağıq. Hansı televiziya kanalında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, televiziya və radio yayımı haqqında qanunvericiliyə uyğun olmayan verilişlər olacaqsa, o verilişlərlə bağlı qərar qəbul ediləcək. Amma biz hesab etmirik ki, bu səlahiyyətləri almaqla televiziya kanalları üzərində bir "Domokl qılıncı" olmalıyıq. Sadəcə, hər kəs öz işini qanuna uyğun şəkildə həyata keçirməlidir”.

 

N.Məhərrəmli televiziya və radio kanallarındakı mövcud vəziyyətin MTRŞ-i çox narahat etdiyini vurğulayıb: “Bəzən Azərbaycanda televiziya və radio yayımı sahəsində vəziyyəti qonşu ölkələrlə, xüsusən Rusiya və Türkiyədə telekanalardakı verilişlərin keyfiyyəti ilə müqayisə edirlər. Mən də istərdim ki, Azərbaycan telekanallarında televiziya verilişlərinin səviyyəsi o ölkələrdəki kimi yüksək olsun. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan telekanallarında reklamın 1 dəqiqəsinin qiyməti təqribən 1000-2000 manat arasındadırsa, Türkiyədə  və Rusiyada bu məbləğ 50-60 min dollar arasındadır. Təbii ki, bu qədər fərq arasında yüksək keyfiyyət göstərmək çətindir. Ona görə də hər dəfə televiziya kanallarını tənqid ediriksə, onların real vəziyyətinə də baxmalıyıq. Çalışmalıyıq ki, televiziya kanallarının reklam bazarı artsın. Çox təəssüf ki, Azərbaycanda reklam bazarı çox aşağı səviyyədir. Çalışmalıyıq televiziya kanalları daha çox gəlir əldə etsinlər ki, daha keyfiyyətli verilişlər ortaya qoysunlar”.

 

N.Məhərrəmli deyib ki, reklam bazarındakı mövcud böhran vəziyyəti tək Azərbaycana deyil, bütün dünyaya təsir edir: “Hesab edirəm ki, bu, keçici haldır və yaxın vaxtlarda bu sahədə ciddi dəyişiklər olacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar