Milli Məclisin iclasında “Televiziya və radio yayımı haqqında” qanunun 16-cı və 23-cü maddələrinə dəyişikliklər müzakirəyə çıxarılıb.APA-nın xəbərinə görə, layihə barədə Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib.
Qanunun 16-cı maddəsində “məhkəmə qarşısında iddia qaldıra bilər” sözləri “teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir” sözləri ilə əvəzlənir. Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bildirib ki, MTRŞ-ın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan bu dəyişiklik o deməkdir ki, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət daha çox olurdu, lakin indi təklif edilən varianta əsasən məhkəmə qarşısında iddia qaldırmaq məsələsi çıxarılır, teleradio yayımı sahəsində müvafiq dövlət orqanına (MTRŞ) müraciət olunur.
23.1-ci maddəyə təklif olunan dəyişikliyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Hazırda qüvvədə olan maddəyə görə isə teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər.
Layihə səsə qoyularaq qəbul olunub.
Azərbaycanda teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, o cümlədən teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması ilə bağlı cəzalar da sərtləşdirilib. Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinin 187-1 və 187-2 maddələrinə dəyişiklik təklifi müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, 187-1 (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması) və 187-2 (Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması) maddəsinə təklif olunan dəyişikliyə əsasən göstərilən cəzalar vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manata qədər tətbiq edilir. Hər iki maddənin hazırkı sanksiyası vəzifəli şəxslər üçün 300 manatdan 500 manata qədər, hüquqi şəxslər üçün isə 1000 manatdan 2000 manata qədərdir.
Layihə səsə qoyularaq qəbul olunub.