Respublika Milli Qəhrəmanlar Birliyinin təşkilatçılığı ilə Fevralın 7-də Heydər Əliyev Mərkəzində Laçının Qızartı yüksəkliyinin ermənilərdən təmizlənməsi zamanı döyüşdə şəhid olmuş polis kapitanı İlqar Sədi oğlu İsmayılovun həyat və döyüş yollarından bəhs edən “Ölümsüz qəhrəman” sənədli filminin təqdimatı olub. Lent.az-ın məlumatına görə, sənədli film Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadənin yazdığı ssenari əsasında çəkilib.
Təqdimatda iştirak etmək üçün dövlət və hökümət nümayəndələri, ölkənin aparıcı QHT-in rəhbərləri, milli qəhrəmanın döyüşçü dostları, iş yoldaşları, milli qəhrəmanların ailə üzvləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Filmin nümayişindən sonra çıxış edən M. Seyidzadə Beynəlxalq Avrasiya fondunun prezidenti Umud Rəhimoğlu, Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Dilqəm Quliyev, Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, milli qəhrəman İlqar İsmayılovun qardaşı İlham İsmayılov və digər şəxslər çıxış edərək filmin çəkilişini yüksək qiymətləndirdiklərini və bu istiqamətdə işlərin gücləndirilməsinin vacibliyindən danışıb. Sonda milli qəhrəman İlqar İsmayılovun anası Fatma Qocayeva çıxış edərək filmin ərsəyə gəlməsində əziyyət çəkən hər kəsə təşəkkürünü bildirib.