Milli Məclisdə “Elm haqqında” qanunun müzakirəsinə başlanılıb
24 fevral 2015 18:31 (UTC +04:00)

Milli Məclisdə “Elm haqqında” qanunun müzakirəsinə başlanılıb

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında uzun müddətdir müzakirəsi gözlənilən “Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevdeputatlar qarşısında məruzə ilə çıxış edərək layihə barədə məlumat verib.

 

Onun sözlərinə görə, “Elm haqqında” qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb. Layihədə elm sahəsindəki mürəkkəb sistemlərin hüquqi müstəviyə çıxarılması, elmi səmərəliliyin keyfiyyətinin artırılması əsas amil kimi götürülüb: “Azərbaycan elmində qocalma tendensiyası müşahidə edilir. Bizim elmdə yaşı çox olan şəxslər gəncləri üstələyir”.

 

Ş.Hacıyev qeyd edib ki, layihədə müəllimlərin, alimlərin, elm adamlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb. 8 fəsil və 47 maddədən ibarət yeni layihədə indiyə qədər bu sahədə boşluq olan bütün məqamlar əksini tapıb. Layihəyə əsasən, Azərbaycanın elm adamları öz elmi nəticələrini və məhsullarını xarici ölkələrdə sərbəst sata biləcəklər. Bundan başqa, layihədə Azərbaycanda gənc alimlərə və elmi işçilərə mənzillə təmin olunmaq üçün güzəştli kreditlər və torpaq sahələri ayrılması təklif olunur.

 

Daha sonra qanun layihəsinin müzakirəsi başlayıb. Deputat İlyas İsmayılov bildirib ki, qanun layihəsi elm sahəsində olan bütün münasibətlər sisteminin hüquqi bazasını yaradan bir sənəd şəklinə gətirilib.

 

Deputat Fəzail Ağamalı isə deyib ki, qanun layihəsi Azərbaycan elmini ölü nöqtədən dartıb çıxaracaq. Deputatın bu fikrinə vitse-spiekr Ziyafət Əsgərov sərt reaksiya verib: “Fəzail Ağamalı, deyirsən Azərbaycan elmi ölü nöqtədədir. Elədirsə, elm yoxdursa, siz özünüz diplomu necə almısınız?”

 

Deputat isə ona cavabında diplomunu SSRİ vaxtında aldığını deyib. Z.Əsgərov da onu cavabsız qoymayıb: “Onda qayıdaq sovet dövrünə?”

 

Deputat Zahid Oruc isə deyib ki, Azərbaycan alimlərinin sayına görə Ermənistandan çox geri qalır: “Bu baxımdan  bu qanun layihəsi Milli Təhlükəsizlik Konsepsiyası qədər əhəmiyyətlidir”. Magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə də toxunan Z.Oruc qeyd edib ki, Azərbaycanda 5 min magistrin yalnız yarısı oğlanlardır.

 

Deputat Siyavuş Novruzov bildirib ki, ən pis qanun belə qanunsuzluqdan daha yaxşıdır: “Qanun varsa, deməli, onun tələbləri də var. Qanun layihəsinin adı “Elm və təhsil haqqında” qanun olsaydı, daha yaxşı olardı. Hər iki qanunun ümumi müddəalarını birləşdirib, fərdi qaydada digərlərində həll etmək olardı”.

 

Müzakirələrdən sonra qanun layihəsi konseptual olaraq birinci oxunuşda qəbul olunub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar