Xocalı faciəsinin ildönümü ərəfəsində düşüncələr.
Döyünən qəlbim –Vətən, iki gözüm - Vətən, bütöv sözüm - Vətən!
Qılıncımı qından sıyırdım, mən də əsgərinəm yurdum!
Qürur mənbəyimiz, and yerimiz Vətənimizin tarixinə ekskurs edəndə hər dəfə qəribə duyğular keçirirəm. Özünün dövlətçilik tarixi ilə öyünmək haqqı olan Odlar yurdu –Azərbaycan. Dünya elminə, ədəbiyyat və incəsənətinə, musiqisinə ünlü şəxsiyyətlər bəxş etmiş ulu diyar. Təbii sərvətləri, iqlim rəngarəngliyi, nadir inciləri ilə seçilən füsunkar ölkə. Qəhrəmanlıq salnaməsinə igidlik dastanları ərməğan etmiş cəsurlar yurdu. Qürur duyuram, səninlə, ölkəm, doğma Azərbaycanım!
Bununla bərabər dar günlərin, cəfalı illərin sızıltısı da qəlbimi göynədir. Geostrateji, geocoğrafi mövqeyi, sərvətləri ucbatından zaman-zaman müharibə təhlükəsinə, təxribatlara məruz qalıb. Məkrli qəsdlər, ikili münasibətlər üzündən zillətlərin girdabına düşüb Azərbaycan. Arazın tikanlı məftilləri qardaşı qardaşa həsrət qoyub, onların göz yaşları görkəmli şairlərimizin misralarından süzülüb, qəlblərində qubar bağlayıb. Ötən əsrin ortalarında erməni fitvası, Mərkəzi hakimiyyətin göstərişi ilə baş tutan deportasiya yüzlərlə soydaşımızı mənəvi və fiziki sıxıntının cənginə salıb. Azərbaycanlılar dədə - baba yurdundan köçürülərək onlara tamamilə yad olan iqlim şəraitində - aran zonalarında yerləşdirib. Onların əllərinin qabarı, alınlarının təri, ocaqlarının közü əzəli-əbədi Azərbaycan torpaqlarında qaldı. Amma murdar xislətin rəzalət planı bununla bitmədi.
1988-ci ildən Mərkəzi hakimiyyətə arxalanan erməni sadistləri daha açıq şəkildə hücuma keçdilər. İllərlə içlərində bəsləyib böyütdükləri kini vəhşi heyvana döndərib meydana buraxdılar.
Erməni xislətinin anatomiyası özünün son həddini Xocalı soyqırımında bir daha göstərdi.
Xocalı - dünyada insanlığa qarşı ən dəhşətli, tükürpədici vandalizm aktıdır.
Sadizmin ən bariz nümunəsidir, dünyaya, yaradılışa nifrətin göstəricisidir. Bu ağlasığmaz hadisəni törədən quldurlar sanki ürəkdən, beyindən, qandan mərhum robotlardır.
Xocalı qətliamının statistikasına diqqət yetirəndə az qala adamın ürəyi dayana, damarlarında qan dona, heyrətdən dili tutula.
619 nəfər son damla qanına, son gülləsinə qədər döyüşərək şəhid olub. 1275 nəfər əsir düşüb, 7 ailə bütünlüklə məhv olub. 27 ailənin hərəsindən bir nəfər qalıb, 230 ailə başçısını itirib, 200 nəfərin ayaqları soyuqdan qanqrena olub.
Bu 1991-ci il fevralın 25-dən 26–na keçən gecənin dəhşət mənzərəsidir.
Xocalı qətliamı həm də əsrlərin, qərinələrin daş yaddaşını özündə ehtiva edən qədim Azərbaycan mədəniyyətinə, tarixi abidələrinə qarşı soyqırımıdır. 200 hektarlıq sahədə qərar tutan kompleks abidələr - kurqanlar, daş qutular, mürəkkəb konstruksiyalı daş labirintlər erməni vandalizminin şahidi oldular. Eramızdan əvvəl 13-6-cı əsrlərin son tunc - ilk dəmir dövrünü əhatə edən bu abidələrin düşmən tapdağında korlanmasına Bozdağ hayqırır, Qarqarçay kükrəyir.
Bu gün o məşum gecədən, sözün bitib, heyrətin başladığı, təbiət çovğununun vəhşilərin törətdiyi çovğun qarşısında susduğu o gündən 25 il ötür.
Heç şübhəsiz, mübarizə ruhumuz səngiməyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dürüst və uzaqgörənliklə reallaşdırdığı uğurlu siyasət torpaqlarımıza qayıdacağımız günün çox da uzaq olmaması nikbinliyini vəd edir.
Təbii ki, biz sənət adamlarının da boynuna bu yöndə şərəfli bir yük, missiya düşür. İkinci cahan savaşında tanınmış şair və yazıçılar, aktyorlar, müğənnilər ön cəbhəyə yollanır, döyüşçüləri ruhlandıran sənət əsərlərini səsləndirirdilər. Doğrudan da, sənətin qüdrəti, təbliğat gücü yetərincə təsirlidir.
Şəxsən mən, hər zaman döyüş, qələbə ruhlu repertuar seçiminə üstünlük vermişəm. Qürur duyuram ki, ilk CD diskim hərbi vətənpərvərlik mövzusuna həsr olunub. Ötən il Azərbaycan Televiziyasında şair publisist, əməkdar incəsənət xadimi, hərbiçi Abdulla Qurbaninin liberettosı əsasında “Xocalı yol gözləyir” ədəbi – bədii kompozisiyasını hazırladıq. Onu da xüsusi vurğulayım ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də hərbi vətənpərvərlik, yurd sevgisi mövzusunda kifayət qədər fundamental proqramlar hazırlanır.
Dəfələrlə cəbhə bölgəsində, hərbi hissələrdə şəxsi heyət qarşısında çıxış etmişəm. Bu çıxışlarıma görə Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanlarla və “Fədai” medalı ilə təltif olunmuşam.
İndiyə qədər repertuarımda 60 dan çox marş, digər vətənpərvərlik mövzusunda mahnılar yer tutub. Bu mövzuda yeni mahnılar üzərində çalışıram. Düşünürəm ki, hər bir incəsənət adamı üçün Vətən sevgisi ilə bağlı mövzu öndə olmalıdır. Yaradıcılıqda düşmənlə barışmaz mübarizə, qələbə əzmi qırmızı xətt kimi keçməlidir.
Ürəyimdə yurd sevgisi, qulaqlarımda uluların haray səsi: bu yurd sənin, bu el sənin, bu ormanlar, bu çöl sənin, şirin-şirin danışdığın bu dil sənin. Qoru onu varlığınla, qoru onu öz qanınla. Qoru ki, şərəf –şöhrət səhifəmiz parıldasın. Qoru ki, bədniyyətlər yarımasın.
Axar çaylar qurumasın.
Elə Xocalı soyqırımına ilk dəfə beynəlxalq səviyyədə siyasi – hüquqi qiymətinin verilməsinə nail olmuş Ulu öndər Heydər Əliyev də xalqa müraciətlərinin birində “Axar çaylarımız qurumasın” demişdi.
Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev də yorulmadan torpaqlarımızın qaytarılması üçün siyasi-diplomatik mübarizə aparır və lazım gələrsə, hərbi yolu da istisna etmir.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse - prezidenti Leyla xanım Əliyevanın Xocalı soyqırımı ilə bağlı bütün dünyada apardıqları təbliğat çox həqiqətləri aşkarlayıb. “Xocalıya dəstək” aksiyasına başqa ölkələrin də həqiqətsevər ictimai-siyasi xadimləri qoşulub.
Yeri gəlmişkən, milli mücadilə tariximiz üçün önəmli olan 20 Yanvar faciəsi də Leyla xanımın gerçəkləşdirdiyi təsirli layihələr sayəsində xarici ölkələrdə yüksək səviyyədə təşkil olunub. İstər 20 Yanvar faciəsi, istərsə də Xocalı soyqırımı haqqında dolğun, obyektiv, məntiqli informasiyalarla ziyalıların, ictimaiyyət və media nümayəndələrinin təmin olunmasında Leyla Əliyevanın xidmətləri danılmazdır. Məhz, Leyla xanımın davamlı səyləri nəticəsində xarici mediada erməni yalanının maskası yırtılır, həqiqət üfüqü görünür.
Biz Ali Baş Komandanın rəhbərliyi ilə doğma Xocalıya qayıdacağımız günü gözləyir, buna inanırıq. Biz ümidvarıq ki, Bozdağda əks-səda verəcək ən gözəl marşı səsləndirəcəyik. Amin!
Əməkdar artist Ramil Qasımov