Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri: “Son vaxtlar bəzi bölgələrdə və Bakıda dələduzlar peyda olub”
“Təəssüf ki, son vaxtlar ölkənin bəzi bölgələrində, həmçinin Bakıda dələduzlar peyda olub və onlar qaçqın və məcburi köçkünlərə istiqamətləniblər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, bir neçə dəfə KİV vasitəsilə qaçqınlara və məcburi köçkünlərə xəbərdarlıq edib: “Bu günlərdə Gəncədə bir məcburi köçkün mənzil əldə etmək üçün binanın damına çıxıb intihara cəhd etmək istəyib. Mənzil əldə etmək üçün özünü yandırmaq kimi meyllər ortaya çıxıb. Mən bir daha xəbərdarlıq etdim ki, bu yolla mənzil almaq mümkün deyil. Qeyri-qanuni yolla insanları yataqxanalara yerləşdirirlər ki, bunlar mənzil alsın. Ancaq biz bu cür ədalətsizliyə yol verə bilmərik. Bizdə siyahılar var və biz bilirik ki, orda 20 il yaşayanlar kimdir”.
Dövlət komitəsinin sədri misal kimi kəlbəcərli köçkünün işğaldan bir neçə il əvvəl Azərbaycanın digər bölgəsinə gəlib yaşamasını göstərib: “Bir il bundan əvvəl Kəlbəcər rayon İcra Hakimiyyətinin bəzi işçiləri qanunsuz yolla bu şəxsi qeydiyyata salırlar ki, ev alsın. Bu yaxınlarda qəbuluma məcburi qaçqın olan qadın gəlib və bildirib ki, 44 nəfər məcburi köçkündən dələduzlar 370 min manat toplayıb. Bunların hamısı Ağdamdan olan məcburi köçkünlərdir. Bəlli olanda ki, bu iş dələduzluqdur, həmin şəxs pulun 170 min manatını qaytarıb, qalan pulu ödəyə bilmədiyindən Türkiyəyə qaçıb. Bu cür halların hamısına son qoyulacaq”.
Ə. Həsənov 7-8 rayonda məcburi köçkünlərin evlə təmin olunması üçün tikinti işləri aparıldığını söyləyib: “Ağdamda çox böyük bir qəsəbə tikilir. Bundan başqa, Göygöl, Beyləqan, Saatlı, Füzuli rayonlarında da tikinti işləri davam etdiriləcək. İlin sonuna 4 min ailə, 20 mindən çox məcburi köçkün yeni mənzillərə köçürüləcək. Bakı və Abşeron ərazisində 2 il müddətində tikinti olmayacaq. Qobu bələdiyyəsindən 500 hektar ərazi götürmüşük, gələcəkdə 80 minə yaxın əhali ora yerləşəcək. Gələn il onun sosial-texniki infrastrukturunu hazırlayacağıq. 2016-cı ildə artıq orda yaşayış binaları tikilməyə başlanacaq”.