Ölkə prezidentinin müvafiq sərəncamı ilə Bərdə rayonu ərazisində 866 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəlləyə artıq bu gündən məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Bu barədə Lent.az-a Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Digər ərazilərdə olduğu kimi, burada da köçürülmə prosesi obyektivliyi və şəffaflığı təmin etmək üçün məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Rayon İcra hakimiyyətinin, əraziləri işğal olunmuş Rayon İcra hakimiyyətlərinin, məcburi köçkün icmalarının nümayəndələrinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət Komissiya tərəfindən mənzillər ailə tərkibinə görə püşk atma yolu ilə verilir.
Buraya 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcəkdir. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Məhəllə su, elektrik, qaz və müasir istilik sistemi ilə tam təmin edilib, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb.