Sabah respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəranda magistraturaya qəbul imtahanlarının ilk mərhələsi keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) imtahanın təşkili şöbəsinin müdiri Arzu Bağırov Lent.az-a açıqlamasında deyib ki, artıq TQDK Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ilə birlikdə imtahan keçiriləcək binalara texniki baxış keçirib. Binaların təhlükəsizliyi yoxlanılıb və nəzarətə götürülüb.
A. Bağırovun sözlərinə görə, imtahan ümumilikdə 39 binada keçiriləcək. Bunlardan 30-u Bakı şəhərində, 9-u isə regionlarda yerləşir. İmtahanda 1856 nəzarətçi müəllim, 171 imtahan rəhbəri iştirak edəcək.
Bu il ilk dəfə olaraq Şəki və Mingəçevir şəhərləri də magistraturaya qəbul imtahanları keçiriləcək şəhərlərin siyahısına əlavə edilib.
A. Bağırov deyib ki, bu il ilk dəfə olaraq sənəd verən bakalavrlar sənədlərini Sənəd Qəbulu Komissiyalarında deyil, elektron formada özləri təsdiq ediblər. Bununla da onların sənəd verməsi daha da asanlaşıb, vaxt itkisi aradan qalxıb. Nəticədə bu il magistraturaya sənəd verənlərin sayı 3000 nəfər artıb.