Bu gün dünya şöhrətli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 94 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, onun dünya elmi üçün gördüyü işlərin miqyası o qədər böyükdür ki, haqlı olaraq adı İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir. Bunun nəticəsidir ki, alman alimi Maks Plankdan sonra dünyada hələ sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəzi olan ikinci alimdir. Müəllifi və yaradıcısı olduğu 6 mühüm nəzəriyyə dünya elminə inanılmaz töhfələr bəxş edib. O, Kaliforniya Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Lütfizadə həm də Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
Sevindirici haldır ki, onun dünya elminə ərməğan etdiyi qeyri-səlis məntiq nəzəriyyəsi elm ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, ən yüksək və ali mükafatlara layiq görülür. Bu dahi şəxsiyyətin səmərəli fəaliyyəti Azərbaycan dövləti və şəxsən ölkə prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib, elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərə görə "Dostluq" ordeni ilə təltif edilib.
Bu gün onun müəllifi olduğu nəzəriyyələr sayəsində milyardlar qazanan böyük dövlətlər və şirkətlər də onu müxtəlif mükafatlar və fəxri adlarla təltif ediblər. Bu adların içərisində o, bütün soydaşlarımızın, türk dünyasının qəlbini qürur hissi ilə dolduran daha bir ada – azərbaycanlı adına sahibdir.