“Lider-TV”nin rəhbərliyinin qərarı ilə telekanalda "Ekstrasens", "Pərdə", "Rəngarəng", "Qızıl Pillə", "Bənyədim" kimi şou xarakterli verilişlərin yayımına son qoyulub. Təxminən 40 nəfərə yaxın işçi vəzifəsindən azad edilib. Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı “Lider-Tv”nin baş prodüseri Ayxan Əliyevlə əlaqə saxlayıb. Onun mövzuya münasibəti qısa və konkret olub: “Siz kimsiz? Mənim daxili nömrəmi kim verib sizə? Nömrəni sizə kim verdiyini demirsinizsə, mən də sizə heç bir söz deməyəcəm, sağ olun, bir də yığmayın”.
***
12.39
Lider televiziyası mart ayının 1-dən etibarən yeni formatda fəaliyyət göstərəcək.
Bu barədə AzVision.az-a telekanaldan məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən, mart ayının 1-dən etibarən telekanalda gün ərzində xəbər verilişlərinin sayı artırılacaq.
Bundan sonra səhər saat 9:00, 11:00, 12:00, 12:30, 13:00, 15:00, 17:00, 19:00, 24:00-da xəbərlər buraxılışları efirdə olacaq.
Daha sonra “Səda +” verilişinin gün ərzində iki dəfə olması planlaşdırılır.
Eyni zamanda qeyd olunur ki, telekanalın mədəniyyət departamentindən 40 nəfər işdən çıxarılıb. Onların əksəriyyəti isə operatorlardır.
***
12.25
Lider TV-də ciddi dəyişikliklər aparılıb.
AzNews.az-ın əldə etdiyi məlumata görə, aparılan islahatlar nəticəsində telekanalda yayımlanan şou verilişləri ləğv olunub və onların yaradıcı heyəti işdən azad edilib.
Belə ki, rəhbərliyin qərarına əsasən, telekanalda yayımlanan "Ekstrasens", "Pərdə", "Rəngarəng", "Qızıl Pillə", "Bənyədim" kimi şou xarakterli verilişlər ləğv edilib.
Məlumatda bildirilir ki, telekanal rəhbərliyi buna səbəb kimi yeni strateji xəttə uyğun olaraq daha çox xəbər kanalı kimi fəaliyyət göstərməsini əsas gətirib. Ona görə də şou verilişlərini minimuma endirmək haqda qərar qəbul edilib.