Fevralın 20-də Lənkəranda 2013/2014-cü tədris ili üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Lənkəran regional bölməsinin əhatə etdiyi cənub bölgəsinin rayonları üzrə buraxılış imtahanları və tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair zona müşavirəsi keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının, eyni zamanda Cəbrayıl rayonunun təhsil şöbələrinin rəhbərləri və ümumtəhsil müəssisələri direktorlarının qatıldıqları tədbirdə TQDK-nın Cənub regional bölməsinin sədri Əbdüləhəd Bağırov çıxış edib. O, cənub bölgəsinin, eyni zamanda Cəbrayıl rayonunun 2013/2014-cü ildə buraxılış imtahanlarının və tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini video slaydlar vasitəsilə iştirakçılara çatdırıb.
Təqdimatda ölkənin, o cümlədən, qeyd olunan rayonların əldə etdiyi nəticələrin elmi-statistik təhlilinə dair məlumatlarla yanaşı, sözügedən rayonların göstəricilərinin ölkənin ümumi orta göstəriciləri ilə müqayisəsi aparılıb.
Mövzu ətrafındakı müzakirələrdə Lənkəran Şəhər Təhsil Şöbəsi rəhbərinin müavini Güloğlan Bağırov, Masallı rayonunun “Dəfinə” liseyinin direktoru Vidadi Nəzərov, Lənkəran şəhər 10 saylı tam orta məktəbin direktoru Qadir Axundov və başqaları çıxış edərək, fikir və mülahizələrini söyləyiblər.