Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Lənkəran şəhərində fəaliyyət göstərən Günərzi qayğı mərkəzinə baxış keçirib.
Lent.az-ın verdiyi xəbərə görə, mərkəz “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzlərinin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində yaradılıb.
Mərkəzdə 3-12 yaş arası çətin həyat şəraitində olan 30-dan çox uşağa gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlər göstərilir. Uşaqlar maraq və qabiliyyətləri nəzərə alınaraq bacarıqlarının artırılması üçün müxtəlif dərnəklərə cəlb edilir, onların inkişafı, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların özünəxidmət bacarıqlarına malik olmaları, cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər aparılır.
S.Babayev mərkəzdə yaradılmış şəraiti, göstərilən Günərzi qayğı xidmətlərini nəzərdən keçirib. Nazir sosial xidmət layihələrinin icrasında mütərəqqi dünya təcrübəsində mövcud olan səmərəli sosial xidmət metodlarının tətbiqi, bu sahədə reabilitasiya istiqamətinin üstün tutulması, əməkdaşların peşəkarlığının artırılması və s. barədə tapşırıqlarını verib.
Mərkəz tərəfindən azyaşlıların vaxtının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintiləri təşkil olunur.
Hazırda ƏƏSMN-nin sifarişi əsasında ixtisaslaşmış QHT-lər tərəfindən 4 minədək uşağa reabilitasiya yönümlü sosial xidmətlər, o cümlədən müvafiq layihələr üzrə 13 rayondakı günərzi qayğı mərkəzləri tərəfindən 400 nəfərədək uşağa günərzi qayğı xidmətləri göstərilir.