Lal-kar uşaqların tamaşası- XÜSUSİ REPORTAJ
24 dekabr 2013 23:55 (UTC +04:00)

Lal-kar uşaqların tamaşası- XÜSUSİ REPORTAJ

İmaməli və Zümrüddən ötən süjetimizdə söhbət açmışdıq. Onların təhsil aldığı Nizami rayon 3 saylı lal-kar uşaqlar üçün məktəbdə 640 uşaq təhsil alır. 11-ci sinfi qurtarandan sonra şagirdlərin bir qismi təhsillərini gecə məktəblərində davam etdirir.

 

Burda oxuyan uşaqlar jest və mimikaları öyrənirlər. Onlar üçün xüsusi kitabların olmamağı ucbatından dərslər çətin gəlir. Ancaq məktəbdən bildirdilər ki, hələlik yalnız 3-cü sinfə qədər xüsusi dərsliklər var.

 

Məktəb direktoru Bahar Kərimova APA TV-yə deyib ki, məktəbi bitirdikdən sonra şagirdlərə natamam orta-təhsil haqqında şəhadətnamələr verilir: "Attestatlar bizim məktəb şagirdlərinə verilmir. Biz istəyirik ki, onlar attestatla da təmin olunsunlar. Bizdə qabiliyyətli uşaqlar çoxdur. İstəyərdik, müəyyən güzəştlər olsun. Test imtahanından keçmələri üçün texnikumlar, institutlarda, həmçinin testləri başa salmaq üçün tərcüməçilər olsun".

 

Uşaqlar, əsasən yaradıcı işlərə meyl göstərirlər. Hər gün dərslərdən sonra şagirdlər bir neçə saat yaradıcılıqla məşğul olurlar. Hər il onların əl işləri müxtəlif sərgilərdə nümayiş olunur: "Rəssamlıq, idman sahəsində çoxlu uğurları var. Bir qismi paralmipiya oyunlarında yüksək nəticə göstərib. Xarici ölkələrdə, Çexiya və Slovakiyada qalib gəliblər. Dərzilik, bərbər, aşpazlıq sahəsinə maraqları var".

 

10 ildən artıqdır ki, bu uşaqlarla çalışan Nəzakət müəllimə deyir ki, belə uşaqların təhsil alması mütləqdir. Əks halda uşaqların cəmiyyətə inteqrasiya etməsi çətinlik yaradır. Müəllimə Nəzakət Qurbanova bu uşaqlarla işləməyin çətin, həm də məsuliyyətli olduğunu deyir: "Həm də savab işdir, onlar danışa bilmir, məktəbə gəlmirlər. Bunları cəmiyyətə belə buraxmaq olmaz. Bu dərslər ona görə lazımdır ki, bunlar özlərini təqdim edə bilsinlər".

 

Uşaqlar bir neçə gündür yeni il şənliklərinə hazırlaşırlar. Eşitmədən, danışmadan tamaşalar göstərirlər. Bu gün isə "Tıq-tıq xanım" tamaşasının məşqlərini edirlər.

 

Biz də bu kiçik dostlarımızla bərabər olduq. Onların danışmaq və eşitmək qabiliyyətləri olmasa da, necə istedadlı, yaradıcı uşaqlar olduqlarına şahidlik etdik. Onların müəllimələri ilə söhbətləşdik, problemləri ilə maraqlandıq. Burdan isə üzümüzü əlaqədar təşkilatlara, şəxslərə tutub deyirik, onların heç nəyə ehtiyacı yoxdur. Öz dünyalarını qurub yaşayır onlar. Amma insanların sevgisinə, hüquqlarının qorunmasına, haqlarının verilməsinə çox sevinərdilər. Bu sevgini onlardan əsirgəməyək...

 

Jalə Məmmədli, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1255
avatar

Oxşar yazılar