APA-nın verdiyi xəbərə görə, dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Daha sonra prezident körpünün sxemini əks etdirən stendə baxıb.
Qeyd edək ki, Azərbaycan prezidentinin “Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 25 may tarixli sərəncamına əsasən Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində yeni körpünün tikintisi məqsədilə ilkin olaraq 2 milyon manat vəsait ayrılmışdı. Körpünün inşasına 2011-ci ilin iyulunda başlanılıb. Layihənin smeta dəyəri 8,9 milyon manatdır. Körpünün sifarişçisi Sabirabad Rayon İcra Hakimiyyətidir. Tikinti işləri “Gəncə Körpü Tikinti-2” ASC tərəfindən aparılıb.
Dövlət başçısına bildirilib ki, körpü Sabirabad şəhərini rayonun Şirvan düzündə yerləşən 16 və Kürdəmir rayonunun 3 kəndi ilə birləşdirir. Səkkiz aşırımlı körpünün uzunluğu 153, ümumi eni 10,7 metr, ikizolaqlı hərəkət hissəsinin eni isə 8,4 metrdir. Yol ötürücüsünün sağ və sol hissələrində piyadalar üçün eni 1,15 metr olan keçidlər tikilib. Həmçinin körpünün ətrafında 5 hektar ərazidə yaşıllaşdırma işləri də aparılıb. Buradan Sabirabad rayonunun 32 mindən çox əhalinin yaşadığı 16 kəndinin sakinləri istifadə edir.
Dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsib, körpü ilə tanışlıqdan sonra tapşırıqlarını verib.