TQDK yeni qiymətləndirmə vəsaitləri nəşr edib
17 sentyabr 2014 15:33 (UTC +04:00)

TQDK yeni qiymətləndirmə vəsaitləri nəşr edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ayrı-ayrı fənlər üzrə yeni təhsil proqramları (kurikulum) əsasında V-VI siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edilib. Komissiyadan Lent.az-a verilən məlumata görə, hər bir vəsait 2 hissədən ibarətdir: I hissədə V-VI siniflərin kurikulum proqramı və dərsliyinə əsaslanan qiymətləndirmə vasitələri, II hissədə isə həmin sinif üçün qapalı (çoxseçimli) və açıqtipli test tapşırıqları toplusu dərc edilib. 

Vəsaitlər həm məzmununa, həm də formasına görə ayrı-ayrı siniflər və fənlər üzrə indiyə qədər nəşr olunan və ancaq test tapşırıqları əsasında hazırlanan qiymətləndirmə vasitələrindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. 

Təqdim olunan yoxlama vasitələri həm diaqnostik, həm formativ, həm summativ qiymətləndirmə, həm də tədris vahidlərinin əhatə etdiyi bütün alt standartlar üçün nəzərdə tutulmuş və bloklar şəklində təqdim olunub. Hər bir blokdakı sual və tapşırıqlar ayrı-ayrı məzmun xətləri əsasında öyrənilmiş bilik və bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə imkan yaradır. Vəsaitin yeni xüsusiyyətlərindən biri də sual və tapşırıqların bloklarda yerləşdirilməsi formasıdır. Hər bir blokda əvvəlcə alt standartın adı, sonra ona uyğun sual və tapşırıqlar təqdim olunur. Hər bloka daxil olan sual və tapşırıqların sadədən mürəkkəbə doğru prinsipinə uyğun olaraq sadə, orta, çətin səviyyəli olmasına diqqət yetirilib. 

Sual və tapşırıqlar məzmun və formasından asılı olaraq, hər bir şagirddən problemi həll etmə, mühakimə yürütmə və əsaslandırma, ünsiyyət, tədqiqetmə və tətbiqetmə bacarığı tələb edir. Əzbərçiliyə, hafizəyönümlüyə əsas verməyən bu tapşırıqların bir yox, bir neçə cavabı olur. 

Ənənəvi test tapşırıqlarından fərqli olaraq, bəzi tapşırıq nümunələrində düzgün cavab təqdim olunmuş cavablar içərisindən seçilmir. Cavabı bilik və bacarığı sayəsində şagirdin özü yazır. 

Vəsait buraxılış imtahanlarına hazırlaşan 9-cu və 11-ci sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün də etibarlı mənbədir və qüvvədə olan tədris proqramına uyğun tərtib olunub. Gələcəkdə proqramda dəyişikliklər edilərsə, vəsaitdə də müvafiq dəyişikliklər aparılacaq. 

Vəsaitlər aşağıdakı fənləri və sinifləri əhatə edir: 

Azərbaycan dili – VI sinif 
Azərbaycan tarixi – VI sinif 
Biologiya – VI sinif 
İngilis dili – VI sinif 
Riyaziyyat – VI sinif 
Azərbaycan dili – V sinif 

Digər siniflər üzrə vəsaitlər yaxın günlərdə çap olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1072

Oxşar yazılar