Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az- a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-220, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-200, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 132 m3/s, ongünlük normanın 84 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 136 m3/s və ongünlük normanın 87 faizini təşkil edib. Yanvarın 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Son günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım davam etməkdədir. Belə ki, yanvarın 18-dən etibarən Kür çayının Surra məntəqəsində 6 sm, Şirvanda 8 sm, Bankədə 9 sm, Salyanda 16 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm azalma qeydə alınıb.
Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.