Sabah havanın temperaturu ötən günlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, gecə və gündüz 2-6 dərəcə isti təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, fevralın 18-də arabir güclənən cənub küləyinin fevralın 19-da güclü şimal küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Gecə şimal-qərb, şimal küləyi əsəcək və arabir güclənəcək. Temperatur gecə və gündüz 2-6 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək və arabir güclənəcək.
Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti olacaq.
Fevralın 20-si gündüz saatlarından yağıntılar kəsiləcək.