APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi texnikaları bu axşamdan paytaxtın müxtəlif yerlərində növbə çəkir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA-ya bildirib ki, qurumun texnikası da qar yağmasına tam hazırdır. Onun sözlərinə görə, yolların təmizlənməsi üçün kifayət qədər texnika, qum, duz ehtiyatı mövcuddur.
Xatırladaq ki, yanvarın 30-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz 0-2 dərəcə isti, axşam 3 dərəcəyədək şaxta olacağı gözlənilir.