Kök Hüceyrələri Mərkəzinin yaradılması təklif edildi
18 aprel 2014 14:10 (UTC +04:00)

Kök Hüceyrələri Mərkəzinin yaradılması təklif edildi

Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncaqda çıxışı zamanı Azərbaycanda Kök Hüceyrələri Mərkəzinin yaradılmasını təklif edib. Lent.az-ın məlumatına görə, hazırda dünyada kök hüceyrələrinin sayəsində çox böyük elmi-tədqiqat işləri aparılır. Artıq Azərbaycanda da Kök Hüceyrələri Mərkəzinin yaradılmasının vaxtı çatıb: “Elmin İnkişafı Fondu gələcəkdə bunun yaradılmasını nəzərdə tutmalıdır. Həmin elmi mərkəzdə işləyəcək mütəxəssislərimiz artıq var. Bu gün təkcə İstanbulda 10 belə mərkəz fəaliyyət göstərir. Azərbaycanda da belə mərkəzin yaradılmasına ciddi ehtiyac var”.
 

Akademik qeyd edib ki, artıq ölkədə Elmin İnkişafı Fondunun dəstəyi ilə Elmi Mikroskopik Mərkəz yaradılıb. Bunu çox uğurlu addım hesab edən rektorun sözlərinə görə, buradan yalnız akademiyanın alimləri deyil, Səhiyyə Nazirliyinin, Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları, müxtəlif klinikaların nümayəndələri istifadə edə bilirlər.

 

Ə. Əmiraslanov həmçinin deyib ki, Azərbaycanda gənclərin elmə cəlb edilməsi, müxtəlif adlı mükafatların təsis edilməsi istiqamətində işlər görülür: “Gənclər üçün ayrıca adlı mükafatlar və akademiya səviyyəsində qrantlar ayrılsa, daha yaxşı olardı. Bu gün akademiyanın biologiya və tibb elmləri bölməsində elə institutlar var ki, 10 illərdir avadanlıq əldə edə bilməyiblər. Bu istiqamətdə də akademiyaya kömək etmək lazımdır. Çünki institutlar lazımi avadanlıqlarla təmin edilməsə, yüksək elmi nəticələrdən danışmaq olmaz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381

Oxşar yazılar