Azərbaycan Respublikasının Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir.
Mərasimdə Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir Fərid Şəfiyev 20 Yanvar faciəsi haqqında ümumi məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışıb. Onun sözlərinə görə, 20 Yanvar tariximizin qanlı səhifələrindən olsa da, bu tarix qəhrəmanlıq səhifəsidir. Belə ki, 140-a yaxın dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilməyib, əksinə xalqımız daha böyük qüvvə ilə mübarizəsini davam etdirib və bu proseslərin məntiqi nəticəsi olaraq, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edib.
Sonra Azərbaycan diasporunun üzvləri də 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirərək Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə ediblər.
Tədbir zamanı 20 Yanvar hadisələrini əks etdirən fotolar da nümayiş etdirilib.