KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli jurnalistlərə verilən evlərlə bağlı yaranmış problemə aydınlıq gətirib. V. Səfərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, sənədləşmə işləri davam edir: “Bina qəbul edilib, istismara təhvil verilməlidir. Proseslər başa çatıb. Fövqəladə Hallar Nazirliyi binanı təhvil götürüb yoxlayır. Bəzən bu, illərlə çəkən şeydir. Bir-iki ayın içində bunu həll edəcəyik. Elə binalar var ki, 10 ildir tikilib, amma istismara verilmir”.
Fond sədri deyib ki, əgər bu gün jurnalistlərə binaya köçmək üçün icazə verilsə, problem yaranacaq. Çünki binada işıq, qaz, su yoxdur: “Müvəqqəti sayğaclara müvəqqəti məbləğ yüklənib. Amma işlənəndən sonra pul ödənməlidir. Əgər ev adına deyilsə, həmin xətlərin çəkilməsi də mümkün deyil. İndi sənədləşmələr başa çatmaq üzrədir. Hamısını toplayıb Bakı Şəhər İcra Hakimiyyətinə verəcəyik. Onlar komissiya yaradacaqlar. O komissiyanın rəyini almaq 5-10 gün çəkəcək. Ondan sonra Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verib, binanı bizim balansımıza keçirəcək. Bunlar vaxt aparan işlərdir”.
V. Səfərli deyib ki, jurnalistlər öz evlərinə bu il köçəcəklər. KİVDF sədri konkret tarix açıqlamayıb: “Desəm ki, bir ay sonra köçəcəklər, doğru olmaz. Bu, vaxt aparan işdir. İllərlə bunu edə bilməyənlər var. Elə olub ki, bina tikilib, amma 10 il sonra təhvil verilib. Amma biz bu ilin içində məsələni həll edəcəyik. O proseslər qurtarandan sonra bina dövlət əmlakı sayılır. Dövlət əmlakını isə hədiyyə etmək yoxdur. Bu evlər veriləcək. Amma xidməti evlər kimi veriləcək. Yenidən sərəncam veriləcək. Birdəfəlik hədiyyə olunmalıdır ki, evin ”kupça"sı da adlarına uyğun olsun. İndiki mərhələdə işlər qaydasında gedir".
V. Səfərlinin sözlərinə görə, tez bir zamanda mənzillər sahiblərinin adına keçiriləcək. Onun bildirdiyinə görə, bir günə qazı, daha sonra suyu sənədləşdirəcəklər: “FHN-in bütün komissiyaları işini qurtarıb. İndi qalır rəy vermək. Bu həftə ərzində rəy veriləcək. İşlər tam yekunlaşmaq üzrədir”.
Əməkdaşımızın “bina tam hazır olmadan onun açılışını niyə edirdiniz” sualına cavabda isə KİVDF sədri deyib ki, tikinti həqiqətən də qurtarıb, binada təmir işləri aparılmır: “Bina yaşayışa tam hazırdır. Niyə onu yubatmalıydıq ki? Sənədləşmə getməlidir. Açılışdan sonra bizdə bütün işlər yekunlaşmışdı. Hətta indi istəyən jurnalistlər gedib evlərinə mebel də yerləşdirirlər. Bir nümayəndəmizi orda oturtmuşuq. Gələn jurnalistlərə evlərinin açarını verir, onlar da mebellərini yerləşdirirlər. Açarı jurnalistlərə ona görə vermirik ki, birdən suyu açıq qoyarlar, nəsə qəza olar”.