Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, müsabiqənin məqsədi vətəndaşların əmək və sosial müdafiə hüquqlarının və bu hüquqların təminatı sahəsində aparılan işlərin KİV vasitəsilə cəmiyyətdə daha geniş təbliğinin dəstəklənməsi, əmək və sosial müdafiə sahəsi üzrə aktual mövzuların medianın gündəminə çıxarılmasına və həmin mövzularda jurnalist səriştəlililiyin artırılmasına şərait yaradılmasıdır.
Müsabiqədə elan verilən günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər iştirak edə bilərlər. Yazının sərlövhəsi elan edilmiş mövzulardan biri ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Yazıda "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Müsabiqə fevralın 28-dən mayın 30-dək keçirilir. Yazılar rəsmi iş günləri saat 10.00-dan 16.00-dək KİVDF-yə şəxsən təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:
Hər istiqamət üzrə:
I yer - 1000 manat
II yer - 700 manat
III yer - 500 manat
Həvəsləndirici mükafat - 200 manat
Qaliblər həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.