Millət vəkili Qənirə Paşayeva İzmir Böyükşəhər Bələdiyyə sədri Aziz Kocaoğlu ilə görüşüb. Lent.az-ın məlumatına görə görüşdə millət vəkili bildirib ki, Bakı ilə qardaşlaşmış şəhər olan İzmirdə Azərbaycan parkının salınması və Azərbaycan mədəniyyətini tanıdan mərkəzin qurulması qardaş şəhərlər və ölkələr arasında münasibətlərdə müsbət bir addım olar. Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət olduğunu qeyd edən millət vəkili Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib: “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir".
A. Kocaoğlu dəvəti qəbul edərək böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyini bildirib. Kocaoğlu yaxın zamanlarda İzmir şəhərində Azərbaycan parkının salınması istiqamətində işlərin aparılacağını deyib. İzmir Böyükşəhər Bələdiyyə sədri Azərbaycan və Türkiyənin bir millət, iki dövlət və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki ölkə arasında iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söyləyib.
Görüşün sonunda millət vəkili İzmir Böyükşəhər Bələdiyyə başkanına Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar təqdim edib.