“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün 2014-cü ilin sonuncu sınaq imtahanını keçirəcək”. Bu barədə Lent.az-a Komissiyanın mətbuat katibi Elnur Nağızadə bildirib.
O qeyd edib ki, imtahan iyunun 1-də Bakı, Naxçıvan, Gəncə, Daşkəsən, Ağstafa, Tovuz, Sumqayıt, Qobustan, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Şirvan, Salyan, Lənkəran, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz və Siyəzən şəhərlərində ümumilikdə 65 binada təşkil olunacaq.
“İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48387 abituriyent qeydiyyatdan keçib. İmtahan mərkəzlərinə buraxılış abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaq”.