Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin gün ümumilikdə 40124 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Bildirək ki, bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 22-dən etibarən çap edib götürə bilirlər. İmtahan saat 11:00-da başlanır.
Şagirdlər imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.
Nəzərinizə çatdıraq ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. İmtahanda 40124 nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 244 imtahan rəhbəri, 2852 nəzarətçi‑müəllim ayrılıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 4-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.