Oqtay Bayramov: “Esmira Qasımova ilə bağlı məsələyə İctimai Televiziya və Radio Yayımları Şirkətinin direktoru baxır”
“Adam çayxanda oturur, heç bir iş görmür”. Bunu Lent.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin direktorunun müavini Oqtay Bayramov İctimai Televiziyanın (İTV) əməkdaşı Esmira Qasımovanın işdən çıxarılmağa çalışılması barədə açıqlamasına münasibət bildirərkən söyləyib.
Oqtay Bayramov deyib ki, aparıcının çalışdığı departamentin direktoru onun işindən narazıdır. Onun sözlərinə görə, hazırda əmək qanunvericiliyinə uyğun olaraq Esmira Qasımova ilə bağlı məsələyə İctimai Televiziya və Radio Yayımları Şirkətinin direktoru baxır.
Qeyd edək ki, dünən Esmira Qasımovanın telekanal rəhbərliyi tərəfindən təzyiqə məruz qaldığı barədə xəbərlər yayılıb. O, “Facebook” sosial şəbəkəsindəki statusunda yazıb ki, ölkə prezidentinə müraciət edəcək. Esmira Qasımova bildirib ki, məzuniyyətdə olduğu dövrdə tanımadığım bir profil tərəfindən prezidentin kollajına tag edilməyim ucbatından ciddi siyasi təpkilərə məruz qalıb, bəyənmədiyim, hətta şərh belə yazmadığım bu kollajı yayan profil sahibini dərhal blok edərək işarələnmədən çıxıb. Teleaparıcı buna baxmayaraq iyulun 9-dan etibarən hər gün işdən könüllü getməyilə bağlı ərizə istənildiyini vurğulayıb. O, bu məsələdə direktor müavini Oqtay Bayramov canfəşanlıq və fəallıq göstərdiyini iddia edib.