Layihə: “TAMAŞA DÜNYA”
Bu dəfə yolumuz dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə yerləşən və 1500 illik tarixi olduğu deyilən Lahıc qəsəbəsinədir. Necə deyərlər, sıldırımlı yollarla tarixin qucağına atılırıq.
İsmayıllıdan Lahıca gedən yol elə də rahat deyil. Asfalt örtüyü olmayan bu yolu Sovet dövründə çəkməyə başlayıblar, hər dəfə bir əmma çıxıb və yol yarımçıq qalıb.
Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunurBelə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.
Lahıclıların əsas məşğuliyyəti sənətkarlıqdır. Lahıcın bəxti turizm zonası olmaqda da gətirib. Qəsəbə sakinlər əsasən yay mövsümündə bura üz tutan xarici və yerli turistlərə öz məhsullarını satır və həyat ehtiyaclarını qarşılayırlar. Bundan əlavə sakinlər qəsəbəyə gələn qonaqlara gecələməyə yer verməklə də qazanc əldə edirlər. Kimisi boş qalmış evini sutkalıq kirayə verir, kimisi də öz damı altındakı otağını. Ən ucuz otağın gecəsi 20 manatadır.
Lahıcın XIX əsrə aid mağazaları, emalatxanaları yaşayış evləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoruq elan edilib. Burda yaşayış evlərinin tikilişi də spesifikdir. Arxitektura digər yaşayış yerlərindən bir xeyli fərqlənir. Bu küçələrdə gəzərkən siz tez-tez üzərində tarixi iki əsrə yaxın olduğu qeyd olunan evlərə rast gələ bilərsiniz. Bu evlər sakinləri ilə birgə insanın könlünü oxşayır.
Tarixi mənbələrə görə, Lahıcda 120 növ sənətkarlıq sahəsi inkişaf edibmiş. İndi isə təəssüf ki, bunlardan cəmi üç növü qalıb: misgərlik, dəmirçilik, dabbaqçılıq.
Lahıc qəsəbəsi 7 rəqəmi üzərində qurulub sanki. Burda 7 rəqəmi müqəddəs hesab edilir. 7 məhəllə, 7 hamam, 7 məscid, 7 qəbiristanlıq, 7 dəyirman... Amma indi Lahıcın “yeddilik sistemi”ndən əsər-əlamət qalmayıb. Bu yeddiliklərin bir çoxu artıq məhv olub.
Lahıcda əsrlər əvvəl saxsı borularla yeraltı su və kanalizasiya şəbəkəsi çəkilib. Hansı ki, həmin vaxtlar Azərbaycan və yaxın Şərqdə kanalizasiya şəbəkəsinin olduğu ehtimalı çox azdır. Yerli camaatla söhbət etdikdə məlum olur ki, onların bu kanalizasiya xətləri ilə çirkab sularının hara axdığı məlum deyil. Onlar üçün bu, hələ də sirli olaraq qalır.
Deyilənə görə təqribən iki əsr əvvəl Lahıcda 20 mindən artıq insan yaşayıb. 2009-cu ildə aparılmış siyahıalmaya görə, indi Lahıcda 837 nəfər (413 kişi, 424 qadın) yaşayır. Fakt budur ki, ildən-ilə qəsəbənin sakinləri bu qədim yaşayış yerini tərk edirlər...