Xəbər verdiyimiz kimi, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukraynaya casusluq etdiyi iddia edilən azərbaycanlını Dağıstanda saxlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, şübhəli Rufullayev Yadulla Ramiz oğlu avtomobil keçid məntəqəsi “Yaraq-Kazmalyar”da saxlanılıb.
İddia olunur ki, Rufullayev Ukrayna Təhlükəsizlik Xidmətində (SBU) işləyən qardaşının göstərişi ilə Kurqan vilayətindəki gizli yerdən sənədləri və telefonu götürərək, onları Ukraynaya çatdırmalıymış.
***
12:06
Dağıstanda Rusiya-Azərbaycan sərhədində Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) işləyən bir azərbaycanlı saxlanılıb. Saxlanılan şəxs Rusiya hərbi-sənaye kompleksi əməkdaşından oğurlanmış gizli sənədləri Ukraynaya ötürmək məqsədilə ölkədən çıxarmağa cəhd edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, saxlanılan şəxs SBU tərəfindən ələ alınmış 36 yaşlı Rufullayev Yadulla Ramiz oğludur.
FTX-in məlumatına görə, Rufullayev Ukraynada yaşayan və SBU-nun agenti olan qardaşı Rufullayev Səbuhinin göstərişi ilə Kurqan vilayətindəki gizli yerdən sənədləri və mobil telefonu götürüb. O, avtomobil keçid məntəqəsi “Yaraq-Kazmalyar”da saxlanılıb və etirafedici ifadələr verib.
Düşmənə kömək göstərmə maddəsi üzrə cinayət işi açılıb. Cinayətdə əli olan bütün şəxslərin müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.