İşgəncə dolu sıyıq boşqabım, yaxud “burax, yazığam, vurma...” – QADIN DRAMI
05 dekabr 2013 15:11 (UTC +04:00)

İşgəncə dolu sıyıq boşqabım, yaxud “burax, yazığam, vurma...” – QADIN DRAMI

Azərbaycanda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin və jurnalist İlhamiyyə Rzanın təşəbbüsü ilə “Qadınlara qarşı zorakılıqlara yox!” həftəliyi keçirilir. Qadın hüquqlarının müdafiəsi, cəmiyyətdə qadına qarşı hər hansı şiddətin qınanılması, aradan qaldırılması məqsədilə keçirilən bu kampaniyada ölkənin bir çox nüfuzlu, tanınmış xanımları iştirak edir. Həmin xanımlardan bir neçəsi, bu məsələdə ibrət alınacaq həyat hekayətlərini Lent.az-a təqdim ediblər. Həmin yazıları silsilə şəklində oxucularımıza təqdim edirik. Bununla yanaşı, Azərbaycan qadınlarından, başına gələn zorakılıqları qələmə ala bilən hər kəsi bu silsiləni davam etdirməyə, öz həyat hekayətlərini Lent.az-a təqdim etməyə çağırırıq...

 

 

Silsiləmizin dördüncü yazısı tanınmış jurnalist İlhamə Novruzovanın həyat hekayəsidir.

 

***

 

“Bax, bu biri... Al, bir də... Hə, doymadın? Onda ...” Gözlərimi yumurdum. İstəyirdim nənəmi yadıma salım. Həmin anda aldığım kötəklərin yerinə nənəmin uşaqlıqda mənə necə südlü sıyıq yedirməsini xatırlayım, xatırlayım, xatırlayım... Beynim kütləşənədək... Nənəm axı elə deyirdi: “Al, bax, bunu da, bir dənə bu qaşığı da, hə, ağıllı ol, qızım, hamısını ye... Mənim xətrimə, bunu da papa üçün...” Yeyirdim udquna-udquna. İstəmirdim inciyə məndən... nə atam, nə nənəm, nə anam... Ağıllı olmağın trayektoriyası o zamandan beynimdə belə cızılmışdı: gərək elə edəsən ki, inciməsinlər səndən... qaşığı gördün, ürəyin bulansa da, ödün ağzına gəlsə də, ağzını açmalısan... İndisə tabe olmaqla assosiasiya olunan uşaqlıq sıyığımın porsiyalarını belə alırdım – təpiklərlə, söyüşlərlə. Dözürdüm. O isə qışqırmadığıma görə lap pis qızışırdı, sadistlərə axı qurbanın çapalaması, etirazı əlavə adrenalin verir – özünü dözümlü göstərirsən? Al gəldi...

 

Bircə bundan qorxurdum. O da bilirdi bunu. Balışı sifətimə qoyub, var gücü ilə sıxırdı və təpikləyirdi böyrəklərimi - mən çapalayana qədər. Ölmək istəyirdim, özümə hər dəfə söz verirdim ki, müticəsinə sonu gözləyəcəyəm. Amma deyəsən Allah da daxili pıçıltılarımı eşitmirdi o vaxt, üz döndərmişdi... “Ay Allah, nə olar, öldür məni, nə olar, xahiş edirəm, yaşamaq istəmirəm” – yalvarışlarımdan bezmişdi.

 

Vecsiz özünüqoruma instinktlərimiz... Axırda məcbur edirdi məni “burax, xahiş edirəm, yazığam, vurma” – deməyə. Balışı götürəndə onun məmnunluqdan və içkidən qıpqırmızı olmuş sifətini, mənfur təbəssümünü görməmək və həmişə dediyi “Dura, başa düşmürsən, mən səni necə istəyirəm, səni heç kim məndən çox sevməyəcək” – sözlərini eşitməmək üçün hər şeyi verməyə hazır idim. Amma çıxış yolu yox idi. Mənim üçün yox idi... mən 11 ildir ki, manyakla bir evi, bir yatağı bölüşürdüm... Hətta iş yoldaşlarım belə nələr yaşadığımdan xəbərsiz idilər. İlk dəfə zorakılıq haqda yazım hələ qəzetdə işlədiyim zaman - 1995-ci ildə çıxmışdı. O zaman xatırlayıram ki, materialın ruhu da olduqca pessimist notlara köklənmişdi. Hətta çıxış kimi intiharı göstərməkdən belə çəkinməmişdim. Nədənsə bu məqamın fərqinə nə məsul katibim, nə də redaktorum varmamışdı. Bəlkə də ciddiyə almamışdırlar...

 

Məni bəlkə də dünyanın ən xoşbəxt qadını sayanlar, hətta qibtə edənlər çox idi. Üzümə deyirdilər: “necə bəxtəvərsən, gül kimi ərin, 2 uşağın, evin-eşiyin...”

 

Bu mən idim – İlhamə Novruzova – mediada o zaman kəskin yazılarıyla, sərt qələmiylə, hardasa məğrur görünüşüylə tanınan biri. Əslində heç kim... Çünki o heçliyə doğru gedirdim. İşlədiyim redaksiyaya, sonradan televiziyaya qara eynəklə gəlməyimi, həmişə ciddi, qapalı kostyumlar geyindiyimi bəziləri “farmazonluq” sayırdı, yaman forsludur, işə də eynəklə gəlir, bizi saymır... – deyirdilər. Biçarələr, nə bilərdiniz ki, bəxtəvərlik oxuduğunuz mən sizinlə salamlaşmırdım ki, səsimin ağlamaqdan tutulduğunu eşitməyəsiniz... eynəyim gözümün altındakı göy ləkələri, kostyumum və şərfim isə bədənimin göyərtilərini gizləmək üçün idi. Amma elə istəyirdim ki, bircə nəfər bu maskaların arxasındakı MƏNi hiss etsin, qəlbimdəki göynərtiləri, oranı tamam zəbt etmiş qançırlara azacıq da olsa məlhəm qoysun. Yox idiniz ki... heç kim yox idi...

 

Bir dəfə atamı çağırdım köməyə. Ərim anası ilə hansısa məclisdə pis görüşdüyümü bəhanə edib, sağ əlimin biləyində bıçaqla xaç işarəsi çəkmişdi. Körpə qızımı qucağıma basıb, ağlayırdım. Ağlamağım da onu əsəbiləşdirirdi. Çünki heç zaman inildəmirdim, səssiz-səmirsiz göz yaşlarım axırdı üzü aşağı... mənim hərəkətsizliyimə, etiraz etməməyimə protest olaraq, hey axırdılar... Mənsə qanı damcılayan biləyimi qorxudan böyümüş gözləriylə məni kirimişcə süzən oğlumdan və “uuuuufff, uuuuf” - deyə-deyə balaca əllərini yarama doğru uzadan qızımdan gizləməyə çalışırdım. Atam gəldi. Təkcə manyaklığın deyil, artistliyin də yüksək zirvəsini fəth etmiş həyat yoldaşım zəngi eşidər-eşitməz körpəni qucağımdan qapıb, mebelin qarşısında diz üstə çökdü. Atam içəri daxil olanda mənim yox, onun hönkürtü ilə ağlamasının şahidi oldu... “Mənə kömək edin, qurban olum, qoymayın, ailəm dağılsın, bu qızın başına hava gəlib, özü öz əlini yaralayır, nə bilim, nə hoqqalardan çıxır. Yəqin məqsədi var, ayrılmaq istəyir, yoxsa adam duran yerdə niyə ərini, uşaqlarını atsın ki? Mən onu da, uşaqlarımızı da çox istəyirəm, qala bilmərəm onlarsiz bir gün də”... Atam diqqətlə süzdü bizi – oturduğu yerdə donub qalmış məni, ağlamayan, şikayət etməyən məni... və mənim qarşımda qucağındakı körpəni bağrına basıb, hönkür-hönkür ağlayan onu... Və... o an anladım ki, artıq heç kəsdən aman gözləmək yeri deyil. Özümə, həyatıma, yaşadığım evimə nifrət edirdim, çünki onun divarlarının hər nöqtəsinə, hər bucağına mənim başım, əzalarım çırpılıb... Göz yaşlarım o evin hər millimetrinə hopmuşdu...

 

Valideynlər, ağsaqqallar, ağbirçəklər, dəxli olanlar və olmayanlar - hamı bir ağızdan “boşanıb neyləyəcəksən, barış getsin, qismətinə bu çıxıb daha” - deyə “təskinlik” verirdilər mənə. Ətrafa baxırdım - əslində yaxın qonşum da, can-ciyər rəfiqəm də, lap elə doğma ata-anam belə ailədə zorakılıqla kiminsə dilindən deyil, şəxsən tanış idilər. Lakin ailəni hər xırda şeyə görə dağıtmaq olmaz - deyə hamıda bir növ dözümlülük kompleksi formalaşmışdı. Fikirləşirdilər ki, mən niyə bu standartdan çıxmalıyam? Hər şey xəyanətdən başlamışdı. “Gəzmək”, “arvad saxlamaq” epitetləri gündəlik leksikonunun ayrılmaz hissəsi olan qadınlarımızın əksəriyyəti bəlkə də: “Nə olsun ki?” – deyəcəklər. Çünki “mentalitet” bu halda bizə belə məsləhət görür: “Boşanarsan, o dəqiqə evlənəcək. Pulu, maşını, babat vid-fasonu, narkoman deyil ki... Allaha şükür, qız qəhət deyil ki... Sən nə edəcəksən? Döz, heç olmasa 1 parça çörəyini verir”.

 

Nə edə bilərdim? Üsyanmı? Kimə və nəyə qarşı? Elə bu fikirlərlə 2003-cü ildə ABŞ-ın ölkəmizdəki səfirliyinin xəttilə həyata keçirilən xüsusi proqram üzrə qadınlara qarşı zorakılıq mövzusunda araşdırma aparmaq imkanı əldə etdim. Əslində özümü, özüm kimiləri tapmağa və çıxış yolunu axtarmağa getdim...

 

Nə aydınlaşdırdım? Amerikalı qadın üçün zorakılıq utancverici bir hiss deyil. Doğrudur, bu halla qarşılaşmaqdan heç kəs qürur da duymur. Lakin amerikalı qadın bu problemi ictimai mənada dərk edir. O başa düşür ki, bu gün özü sussa, sabah eyni bədbəxtçilik yaxınının, qızının, nəvəsinin də başına gələ bilər. O danışır, haqqını tələb edir, həyatında nəyisə dəyişdirməyə çalışır. Bəs biz nə edirik? Biz qadına qarşı zorakılığın mövcudluğundan geninə-boluna danışırıq. Lakin məsələ zorakılıq qurbanının üzləşdiyi zülmdən müvəqqəti belə olsa, “azad olması”na gəldikdə, dalan yaranır. Biz qadını onun hüquqları haqda maarifləndirə bilərik. Lakin qadının bir neçə uşağı varsa, hara üz tutması, kimdən nicat gözləməsi böyük sual altındadır. Doğrudur, o, ev bölgüsü ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin məhkəmə 1 günün, 1 ayın işi deyil. Bəzən bu proses aylarla çəkə bilər. Bəs biçarə qadın bu müddəti harada və necə gözləsin? Ölkədə şeltorlar yox dərəcəsindədir. Bu problem qadın işləmədiyi təqdirdə daha da qloballaşır. Nəticə isə eyni olur - şikayətçi qadının günü zülmkar ər tərəfindən lap qara rənglərlə qatılaşdırılır.   

 

Döndüm okeanın o tayından. Döndüm ki, özümdə cəsarət taparaq, əzilən, zorakılıqla üzləşən qadınlarımıza “mən də sizlərdən biriyəm, gəlin çıxış yolunu birgə  fikirləşək” - deyə bilim. Bunun üçünsə ilk növbədə boşanmaq üçün ərizə verdim. Təcrübəm, əlbəttə, etalon sayıla bilməz. Lakin istənilən halda əminəm ki, biz qadın jurnalistlər respondentlərimizlə özümüz arasında səmimilik baryeri yarada bilməsək, bütün səylərimiz puça çıxacaq. Kimisə öyrədərək, gəl zorakılıqdan, bu saat dəbdə olan gender ayrı-seçkiliyindən danışaq - desək də, tamaşaçılar bunu sadəcə bir oyun kimi qəbul edəcəklər. Gəlin etiraf edək ki, Azərbaycan teleməkanında mayası bu cür səmimiliklə yoğrulan qadın proqramları yox dərəcəsindədir. Çox populyar qadın proqramının aparıcısı bir dəfə mənimlə şəxsi söhbəti zamanı “adam bir qəhrəman da tapa bilmir ki, gəlib, ərinin ona əl qaldırdığını etiraf etsin” - deyə şikayətləndi. “Sən özün şəxsən zorakılıqla üzləşmisən?” - deyə ona sual verdim. Əlbəttə... Dəfələrlə... Hətta əlindəki çapıq da bu “nəvazişdən” yadigar imiş. “Bəs sən özün, hüquqlarını bilən, həyatının  sahibi sayıla biləcək qadın belə bu etirafı etmək cəsarətini özündə tapa bilmirsənsə, başqalarından nə gözləyirsən?” - dedim ona. Və o saat da öz həyatım, dözümlülük prinsiplərim yada düşdü. Sus! Sus! Yenə sus! Bir dəfə uşaqların xatirinə. Bir dəfə valideynlərin xatirinə, bir dəfə atamın başı aşağı olmasın deyə, bir dəfə daha nəyə görəsə. Mənim işgəncə ilə dolu sıyıq boşqabım... Lakin o zaman ağzım şirin idi, indisə zəhər kimi!

 

***

 

10 il keçib. Yenə də İlhamə Novruzovayam. Ancaq daha eynək taxmıram. Həyat və yaşadıqlarım qəlbimdəki çəhrayı arzuları pərdələyən qara eynəyimi də yoxa çıxardı. İndi əksinədir. Qapqara xəyallarıma, zil qara görüntülərə azacıq rəng qatmaq üçün özümə eynək almışam – açıq çəhrayı rəngdə. Çox dəyişmişəm. Kim nə deyirsə-desin, qadına təkbaşına ayaq üstə qalmaq, həyatla çarpışmaq, kişi lobbiçiliyinin pik nöqtəsində duran və “mental”  kişi dəyərləriylə idarə olunan məmləkətdə saf qadın xəyalları quraraq, pak arzulara dalaraq, yaşamaq çətindən çətindir.

 

Mən vurulduqca, vurmağı öyrəndim. Halbuki sevilməyi öyrənməliydim...

 

İlhamə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3695
avatar

Oxşar yazılar