Artıq Urmiya gölünün 75%-i quruyub. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, xəbərdə bildirilir ki, hazırda su hövzəsi həm insanlar, həm də təbiətlə mübarizə aparır.
Son 13 il ərzində Urmiya gölündə suyun səviyyəsi 6 metr aşağı düşüb: “Buna xüsusilə bölgənin su mənbələrinin 90%-nin istifadəsi səbəb ola bilər. Belə ki, Urmiya gölünə tökülən çayların suyundan kənd təsərrüfatında işlədilməsi, havanın isti olması səbəbindən yüksək buxarlanma, artezian quyularının qeyri-qanuni qazılaraq istifadəsi səbəblər sırasında göstərilir. Mütəxəssislər deyir ki, mövcud duzların həddindən artıq artması faciənin miqyasını genişləndirə bilər. Belə ki, Urmiya gölünün ətrafındakı Milli Park səhraya çevrilə, kəskin idarəçilik problemləri yarana, insanları, adalardakı canlı aləmin saxlanması çətinləşə, gəmilərin hərəkəti və nəticədə adalara giriş mümkün olmaya, mövcud vəziyyət gölün ətrafındakı əkin sahələri və bağları təhdid edə, bölgənin ekosistemi tamamilə pozula, milli-mənəvi dəyərləri və turizmi məhv ola, daimi və köçəri quşlar kəskin şəkildə azala, hövzənin daxili torpaqları ilə quru ərazilər birləşə, biomüxtəlifliyin pozulmasına və s. gətirib çıxara bilər. Bundan əlavə, duz hissəcikləri şəhərlərə və ətraf ərazilərə yayıla, bölgədə qrunt sularının səviyyəsi səthə yaxınlaşa və Urmiya gölünün ətrafındakı şəhər rayon və kəndlərdə yaşayan insanlar başqa bölgələrə köç edə bilərlər”.
Məlumatda deyilir ki, bölgədə əhali arasında ağciyər xəstəlikləri yayılıb: “Urmiya gölünün suyunun azalması səbəbindən adalardakı canlı aləmin məhv olduğu ehtimal edilir. Bu göldəki əsas problem qurumadır. Ümumiyyətlə, bu ekoloji faciənin 13 milyon insana təsir göstərdiyi deyilə bilər”.
Xəbərdə vurğulanır ki, Urmiya gölünü xilas etmək üçün təklif edilmiş planlardan biri Araz çayının suyunun bu hövzəyə axıdılması layihəsidir: “Ancaq Urmiya gölünün 20 mlrd. kubmetr suya ehtiyacı var. Eyni zamanda göldəki suyun səviyyəsinin azalması üçün illik 3 mlrd. kubmetr su lazımdır. Bu böhranın həllinə kənd təsərrüfatında istifadə edilməsi üçün qeyri-qanuni dərin artezian quyularının qazılmasının, ənənəvi suvarma üsullarının, suyun yersiz istifadəsinin qarşısını almaq, həmçinin buludları qidalandırmaqla yağış yağmasının və Urmiya gölünə tökülən çayların suyunu bəndləri açmaqla hövzəyə çatdırmaq yardım göstərə bilər”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. İranın ən böyük, dünyanın isə ikinci duzlu gölü ölan və təxminən 6 min kv. km-lik sahəyə malik Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 120 adadan 5-nin ətrafındakı su tamamilə quruyub.