İran azərbaycanlının edam hökmünə yenidən baxmağa çağırılıb
18 yanvar 2013 06:55 (UTC +04:00)

İran azərbaycanlının edam hökmünə yenidən baxmağa çağırılıb

 Beynəlxalq Əfv Təşkilatı  (“Amnesty İnternational”  ) İranda edam cəzasına məhkum edilmiş azərbaycanlı məhbusla bağlı həyəcan təbili çalır. APA-nın məlumatına görə, təşkilatın yaydığı bəyanatda bildirilir ki, Yunis Ağayan hər an dara çəkilə bilər və bu baxımdan həyatı ciddi təhlükə qarşısındadır: “Yunis Ağayan İranda dini azlığın nümayəndəsidir, yəni Əhli-Həqq, ələvi təriqətinə məxsusdur. 2004-cü ilin sentyabrında İranın Qərbi Azərbaycan vilayətinin Üçtəpə kəndində polislə Əhli-Həqq təriqətinin üzvləri arasında iki dəfə baş vermiş qarşıdurmadan sonra həmin ilin noyabrında həbs olunub. Toqquşma zamanı kənd camaatından 5, təhlükəsizlik qüvvələrindən isə azı 3 nəfər həlak olub. Yunis Ağayan həbs zamanı işgəncə və kobud rəftara məruz qalıb. Yunis Ağayan və digər dörd nəfər Mahabad İnqilab Məhkəməsinin ikinci şöbəsində mühakimə olunublar. 2005-ci ilin yanvarında Yunis Ağayan və Mehdi Qasımzadə Allaha qarşı düşmənçilik (müharibə) aparmaqda günahlandırılaraq edam cəzasına məhkum ediliblər. Onların hökmləri 2005-ci ilin aprelində İranın Ali Məhkəməsi tərəfindən təsdiq edilib. Mehdi Qasımzadə 2009-cu il fevralın 28-də dara çəkilib. Digər üç azərbaycanlı məhbus – Səhənd Əli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadullah Qasımzadə edam cəzasına məhkum edilsələr də, ancaq onların ölüm hökmləri 2007-ci ilin sentyabrında İranın Ali Məhkəməsi tərəfindən ləğv edilib. Hər üç məhbus 2009-cu ildə İranın mərkəzindəki Yəzd vilayətinin mərkəzi həbsxanasına sürgünə göndərilməklə 13 il azadlıqdan məhrum ediliblər”.

 

Sənəddə qeyd olunur ki, Yunis Ağayan 2012-ci il dekabrın 16-da Mahabad həbsxanasından Urmiya zindanının təkadamlıq kameraya köçürülüb: “İranda edam cəzasına məhkum edilmiş məhbuslar dar ağacına çəkilməmişdən bir müddət əvvəl təkadamlıq kameralara köçürülür. Urmiya həbsxanasının təkadamlıq kamerasına köçürüldüyü gün Yunis Ağayan quru aclıq aksiyasına başlayıb, yəni həm su içməkdən, həm də yemək yeməkdən imtina edib”.

 

Bəyanatda vurğulanır ki, Əhli-həqq təriqəti İraq və İranın qərbində XIV əsrdə yaradılıb: “Təriqətin üzvləri azərbaycanlılar da daxil olmaqla digər etnik azlıqların nümayəndələridir. İran Konstitusiyasının 3-cü maddəsinin 14-cü bəndi ölkədə dini azlıqların bərabərliyini təmin edir. Lakin İranda dini və etnik azlıqların nümayəndələri ayrı-seçkiliklə üzləşirlər. Əhli-həqq təriqəti İranda tanınmır və onun mərasimləri qadağandır. İran Konstitusiyasının 13-cü maddəsinə əsasən, yalnız üç dini azlıqlara - zərdüştilər, yəhudilər və xristianlar etiqad azadlığı tanınır”.

 

“Amnesty İnternational” bəyanatının sonunda İran hökumətini edamlar dayandırmağa və Yunis Ağayanın ölüm hökmünü ləğv etməyə çağırır: “Azərbaycanlı məhbus beynəlxalq standartlara cavab verən məhkəmə proseslərində yenidən mühakimə olunmalıdır. Çünki Yunis Ağayan yalançı etiraf verməsi üçün işgəncə, kobud rəftar və ədalətsiz şəkildə keçirilmiş məhkəmə prosesi nəticəsində edam cəzasına məhkum edilib. Biz İran hökumətini bütün növ edamlara moratorium qoymağa, dərhal və qeyd-şərtsiz İşgəncələrə, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanı ratifikasiya etməyə çağırırıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar