Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.
İclasda 2013/2014-cü tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə olunub. Şura üzvləri hazırlıq prosesini məqbul hesab ediblər.
ADİU-nun rektoru, professor Ədalət Muradov imtahanların şəffaf keçirilməsi məqsədi ilə prorektorların universitetin ayrı-ayrı korpuslarına təhkim olunması haqda göstəriş verib.
Rektor yay sessiyasında şəffaflığın təmin edilməsi məqsədi ilə universitetdə yaradılan “Qaynar xətt”in səmərəliliyinin daha da artırılması üçün məlumat xarakterli bukletlərin hazırlandığını bildirib. İclasda həmçinin 2013/2014-cü tədris ilində ADİU-da keyfiyyətli idarəetmə sisteminin tətbiqi haqqında qərar qəbul edilib.
Rektor keyfiyyətli idarəetmə sisteminin təşkili ilə bağlı orta müddətli inkişaf strategiyasının üzərində iş aparıldığını və sənəd layihəsinin sentyabr ayına qədər hazır olacağını deyib.
Rektor universitet daxilində “Ağsaqqallar şurası”nın yaradılması təklifi ilə çıxış edib. Şura üzvləri təklifi dəstəkləyiblər.
İclasda həmçinin Ə. Muradov fakültə elmi şuralarında müəllim və tələbələrin etik davranış qaydalarını müzakirəyə çıxarılması üçün göstəriş verib. Rektor auditoriyalarda mobil telefonlardan istifadənin qadağan olunacağını da bildirib.