Rusiyanın Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Nazran şəhərində keçirilən “Tələbə Baharı Qafqazda” Beynəlxalq festivalında Azərbaycan gəncləri daha bir uğura imza atıblar. Bu barədə Lent.az-a GİN-in mətbuat xidmətindən məlumat verilib.
Festivalın ilk günündə iştirakçı ölkələrin təqdimatı keçirilib. Təqdimatda Azərbaycan mətbəxinin ən gözəl nümunələri, şirniyyat və meyvələri, eləcə də müxtəlif əl işləri, Azərbaycan xalçası, milli suvenirləri nümayiş olunub. Sonra digər iştirakçı ölkələrə nümayəndə heyətimiz adından hədiyyələr təqdim olunub.
Növbəti gün baş tutan festivalda Azərbaycan milli rəqsi, dünya və milli musiqilərimiz ifa olunub. İnquşetiyanın və Rusiyanın dövlət və hökumət nümayəndələrinin də iştirak etdiyi konsert 15 ölkədə canlı yayımlanıb.
Konsertdən sonra İnquşetiya Respublikasının başçısı Yunus-bek Yevkurov Azərbaycan nümayəndə heyətini qəbul edərək azərbaycanlı tələbələrin çıxışlarını xüsusi ilə vurğulayıb. Görüşdə ölkələrin qarşılıqlı dostluq münasibətlərinin inkişafı, gələcəkdə gənclər sektorunda irəli sürüləcək təşəbbüslər müzakirə olunub.