İki oğlu Suriyada döyüşən ata danışdı: “Bizə kafir deyirdi”
24 yanvar 2014 11:38 (UTC +04:00)

İki oğlu Suriyada döyüşən ata danışdı: “Bizə kafir deyirdi”

Qurbanəli Vəlişov : “Onları Gəncə aeroportundan Türkiyəyə yola salıblar, Türkiyədən də Suriyaya keçiblər”

 

“2012-ci ildə Bakıda “Eurovision” musiqi yarışması keçirilən ərəfədə oğlum gedib vəhhabi qruplaşmalarına qoşuldu. Evdə bizə qarşı çox aqressiv olmuşdu.

Anasının bişirdiyi yeməkləri “murdar” adlandırır, bizə “kafir” deyirdi.

Sonra araşdırıb öyrəndim ki, Bakıda, Müşfiqabad qəsəbəsində vəhhabilərin bir dini icmasına ayaq açıb. Hər dəfə evə gələndə bizə “kafir” deyirdi. İş o yerə çatmışdı ki, ata-bala tutuşurduq, az qala bir-birimizi döyüb öldürmək həddinə çatmışdıq. Gördüm vəziyyət belədir, Daxili İşlər nazirliyinin “102” xidmətinə zəng elədim. Dedim ki, oğlum belə iş tutub, belə oyunlardan çıxır...”

Bunu virtualaz.org saytının müxbiri ilə söhbəti zamanı Masallı rayonunun Həsənli kənd sakini Qurbanəli Vəlişov danışıb.

Q.Vəlişov deyir, iki oğlu var - Seymur və Həbib. Hər ikisi vəhhabi qruplaşmalarına qoşularaq Azərbaycanı tərk ediblər. Ancaq hələ övladları bu addımı atmamışdan əvvəl ata onların qarşısını almaq üçün əlindən gələni edibmiş: “Mən “102” xidmətinə xəbər verəndən sonra Masallı Rayon Polis Şöbəsindən gəlib məni ora dəvət etdilər. Getdim, hər şeyi ətraflı yazıb qoydum ki, çağırıb Seymuru dindirsinlər. Dedim, sabah övladımın adı hansısa partlayışda, cinayətdə hallananda onsuz da məni bir valideyn kimi ora-bura çəkəcəksiniz. Mənsə sizə bu başdan gəlib agah edirəm ki, övladımı düz yola qaytarın, ətrafındakıları araşdırın, görün kimlərdir bunlar. Yerlərini də dedim -  Müşfiqabadda vəhhabilərin toplaşdıqları məscid”.

Ata deyir şikayətindən sonra eşidib ki, Seymuru Binəqədi Rayon Polis İdarəsinə çağırıblar, bir-iki saat dindirib buraxıblar. Bir müddət sonra eşidib ki, Seymur Suriyadadır, orada müxalifətə qoşularaq Bəşər Əsəd qoşunlarına qarşı döyüşür.

 

“Ötən ilin sentyabr ayında getdi. Həmin o məsciddən bir qrup getdilər. Deməli, bunları aparıb Gəncə aeroportundan Türkiyəyə yola salıblar. Türkiyədən də Suriyaya keçiblər. Bəs polisin, MTN-in bundan xəbəri yoxdur? Bu boyda işlər gedir, qarşılayıb yola salırlar. Xüsusi xidmət orqanları bunu görmürmü?” - deyə Qurbanəli Vəlişov sual edir.

Onun sözlərinə görə, oğlu Seymur Suriyaya gedəndə ailəsini də yığıb özü ilə aparıb: “Gedəndən sonra internetlə qayınanasıgillə əlaqə saxlayıb. Qaynanasıgil biləndə ki Seymur Suriyada döyüşür, onunla əlaqəni kəsiblər. Ən pisi odur ki, Seymur arvadını, üç uşağını da özü ilə aparıb. Onun başına bir iş gəlsə, ailəsi Suriyanın düzündə nə edəcək - bunu bilmirik”.

Söhbət zamanı onu da öyrənirik ki, Seymur Vəlişov Suriyaya gedəndən sonra kiçik qardaşı Həbibi də öz dalınca çəkib aparıb. Ata bir də eşidib ki, Həbib Bakıda ona alınmış torpaq sahəsini və pula gedən nəyi varsa, hamısını dəyər-dəyməzinə sataraq ailəsini də götürüb və ölkədən çıxıb.

 

“Qardaşı Həbibi də yoldan çıxardı. Dedi, köç gəl, qoşul bizə, pul da var, yaşamaq imkanı da. Həbib onun üçün aldığım torpağı da satıb getdi. İndi hələlik Türkiyədədir. Həbibin bir uşağı vardı, bir-iki gün qabaq Türkiyədə bir qızı oldu. Yəqin ki, yaxın vaxtlarda o da Suriyaya keçəcək. Bəlkə də artıq keçib...” - deyə iki oğlu əlindən çıxıb məchulluğa qarışan naçar ata bildirir.

Qurbanəli Vəlişov yerli hüquq-mühafizə orqanlarını ölkədə yayılan kabusun qarşısını almağa çağırır: “Mənim kimi yüzlərlə valideyn polis şöbələrinə yaxınlaşıb məlumat verirlər ki, uşağımız bu işlə məşğuldur, amma qarşısını almırlar. Bu hökumət elə bilir ki, bunlar gedib Suriyada qırılacaqlar, geri qayıtmayacaqlar, beləliklə də ölkədə vəhhabi problemi həllini tapacaq. Daha düşünmürlər ki, Suriyada müxalifətlə hökumət arasında danışıqlar gedir. Razılığa gələn günü mənim uşağımı da, o birilərini də Suriyadan çıxaracaqlar. Onlar da qayıdıb orada kəsdikləri başdan burda kəsməyə başlayacaqlar. Mənim uşağ ağılda olanlar elə öz evlərinin içindən başlayacaqlar. Böyük bir faciə qarşısındayıq. Belə adamlar onların düşüncəsini qəbul etməyən bizlər üçün böyük təhkülədir”.

Qeyd edək ki, Qurbanəli Vəlişovun özü Qarabağ müharibəsi iştirakçısı olub. Övladlarına da pis baxmayıb. Onların rahat həyatı üçün əlindən gələni əsirgəməyib.

Atanın özünü dinləyək: “Seymurun 36 yaşı var. Əlində yaxşı işi vardı. “Halal nemət, min bərəkət” firmasında işləyirdi. Mağazalara mal paylayırdı. 1200 manat aylıq maaşı idi. Onun üçün Biləcəridə bir ev-eşik tikmişdim ki, gəl görəsən... Onu da vəhhabilərə peşkəş elədi. İndi vəhhabilər oranı özləri üçün görüş yeri ediblər. Həbibin 26 yaşı var. Ev ustası idi. Ruzisi də pis deyildi. Bakıda torpaq almışdım ki, onun üçün də ev tikim. O torpaq da beləcə əldən getdi”.

Atanın son sözü yenə hüquq-mühafizə orqanlarınadır: “Onlar cavandır, nə elədiklərini, hansı addımlar atdıqlarını anlamırlar. Onlara vəd olunmuş pullara aldadırlar, özlərini güllənin qabağına verirlər, gənc həyatlarına qıyırlar. Onlara çatası pullarla isə kimlərsə varlanır. Mənim balalarım kimi ağılsızların hesabına...” 

...Ata sözünü burada da bitir. Daha deyəcəyi heç nə qalmayıb. Əlindən yalnız oğul yolu gözləmək gəlir. Seymurla Həbibi isə Masallının Həsənli kəndində valideynləri gözləyir - Qurbanəli dayı ilə Zənurə xala... 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2167
avatar

Oxşar yazılar