Səhiyyə naziri Oqtay Şirəliyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixayel Kinsqrabı qəbul edib.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev hazırda hər iki ölkə arasında səhiyyə və tibb elminin inkişafına dair sazişin olmadığına rəğmən ölkələr arasında əməkdaşlığın ən məhsuldar səviyyədə davam etdiyini bildirib.
Belə ki, onlarla azərbaycanlı müdavim hər il Almaniyanın ən nüfuzlu universitet klinikalarında səhiyyənin müxtəlif prioritet sahələri üzrə təkmilləşdirmə kurslarına qatılır. Eyni zamanda, Almaniyanın nüfuzlu universitet klinikalarından gələn professor və müəllim heyəti Azərbaycanda baş tutan müxtəlif seminarlara qatılır, elmi konfranslarda iştirak edirlər.
Görüşdə vurğulanıb ki, Azərbaycanda yeni tikilən klinikaların planlaşdırılması və layihələrin hazırlanmasında Almaniyanın müsbət təcrübəsindən istifadə olunur, memarları ölkəyə dəvət edilir. Əczaçılıq sahəsində də Azərbaycanda sıx əlaqələr mövcuddur. Belə ki, Almaniyada istehsal olunan bir çox dərman vasitəsi Azərbaycanda dövlət qeydiyyatından keçirilib və hazırda əczaçılıq marketlərinə çıxarılıb. İkitərəfli əlaqələrin digər mərhələsi Baloniya sisteminə keçiddə, yəni səhiyyə və tibb təhsili sistemində aparılan islahatlardan, rezidentura mərhələsinin tətbiqindən sonra baş tutmuşdur. Onlarla resident təhsilinin rezidentura hissəsini Almaniyanın universitet klinikalarında davam etdiriblər. .
Qonaq M.Kinsqrab isə Azərbaycanda aparılan səhiyyə sistemindəki islahatlardan məmnunluqla danışaraq qeyd edib ki, hazırda Təcili Tibbi Yardımda istifadə edilən ambulansların Almaniyadan gətirilməsi də böyük etimad və xoş münasibətlərin nəticəsidir.
Daha sonra görüşdə 2017-2018-ci illər ərzində ölkəmizdə tətbiq olunacaq İcbari Tibbi Sığortaya keçidlə əlaqədar olaraq Almaniyadan olan mütəxəssislərin Azərbaycana gəlməsi məsələsi də gündəmə gətirilib.