Bu gün Hüquqşünaslar Qrupunun fəaliyyətinin 3 illiyi münasibəti ilə tədbir keçirilib.
APA-nın məlumatına görə, mərasimdə ölkənin tanınmış hüquqşünasları və vəkilləri - Elvin Səlimov, Aqil Layicov, Nicat İsmixanov, Loğman Abdullayev, Nicat Gözəlov, Rövşanə Rəhimli, Faiq Nağıyev, Anar Bağırov, Muxtar Mustafayev, Ramil Süleymanov, Xədicə Şirinova, Nemət Ağalarov, Tural Musayev, Səbuhi Axundov, Cəmil Adışov və Erkin Məmmədov iştirak edib.
Tədbirdə Hüquqşünaslar Qrupu adından bir neçə jurnalistə mükafatlar təqdim olunub. Mükafatlandırılanlar arasında "APA Holdinq"ə daxil olan APA İnformasiya Agentliyinin əməkdaşı Şəhriyar Əlizadə və Lent.az saytının müxbiri Səlcuq Elçin də var.
Hüquqşünaslar Qrupunun üzvü, vəkil Səbuhi Axundov APA-ya bildirib ki, sözügedən qrup 2013-cü ildə vəkil Aqil Layicov, hüquqşünas Səbuhi Axundov və bir neçə hüquqşünaslar tərəfindən yaradılıb: "Qrup "Facebook" sosial şəbəkəsi üzərindən insanlara təmənnasız virtual hüquqi yardımın göstərilməsi ilə məşğuldur. Qrupun 16 mindən çox üzvü var. 3 il ərzində qrupda hüquqi yardım almaq istiqamətində 10 mindən çox sorğu paylaşılıb. Həmin zaman insanlara qrupun vəkil və hüquqşünas üzvləri tərəfindən hüquqi xidmətlər göstərilib".
E. Səlimovun sözlərinə görə, Hüquqşünaslar Qrupunda hər hansı siyasi yöndə paylaşımlar və şərhlərə yer verilməyir: "Bu da qrupun digər qruplardan fərqidir. Qrup yaradılarkən onun nizamnaməsi qəbul edilib və "Facebook" sosial şəbəkəsinin idarəçiliyi tərəfindən möhürlə təmin edilib. Hətta qrup silsilə şəkildə xeyriyyə tədbirləri keçirir".