Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, mayın 9-da Klassik Avtomobil Sərgisində nümayiş olunacaq bəzi avtomobillərin də iştirakı ilə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar avtoyürüş keçirilib.
Heydər Əliyev Mərkəzinin binası önündən start götürən avtomobil yürüşündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov iştirak edib. Azadlıq meydanınadək davam edən yürüşdə ötən illərin müxtəlif markalı maşınları iştirak edib.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində təşkil olunacaq Klassik Avtomobil Sərgisində müxtəlif illərin istehsalı olan avtomobillər təqdim olunacaq. Sərgi avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaratmaqla yanaşı, həmçinin avtomobil istehsalı tarixinə ekskursiya xarakteri daşıyır.
Sərgi Heydər Əliyev Mərkəzində maraqlı məkan dizaynı ilə də fərqlənəcək. Qeyd edək ki, təşkil olunacaq sərgidə vətəndaşlar öz şəxsi klassik avtomobillərini də nümayiş etdirə bilər.