Heydər Əliyevin 90 illiyi ilə bağlı Baş Prokurorluq  konfrans keçirib
08 may 2013 20:21 (UTC +04:00)

Heydər Əliyevin 90 illiyi ilə bağlı Baş Prokurorluq konfrans keçirib

 

Baş Prokurorluq tərəfindən Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilib.


Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Respublika Prokurorluğu orqanlarında təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq  müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərin davamı olaraq bu gün «Hyatt Regency» otelində Baş Prokurorluq tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Azərbaycan Respublikası Prokurorluğunun yenidən fıormalaşmasında Heydər Əliyevin rolu» mövzusunda konfrans keçirilib.

 

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Eyni zamanda görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi anılıb.

 

Konfransın işində Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyəti, bir sıra tabe prokurorlar və prokurorluğun gənc əməkdaşları, Baş Prokurorluğun dəvəti ilə Millət vəkili, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.

 

Konfransı giriş nitqi ilə açan baş prokuror Zakir Qaralov «Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər heyəti ilə 26 aprel 2000-ci ildə keçirdiyi müşavirə Azərbaycan Prokurorluğunun tarixində dönüş nöqtəsi olmuşdur» mövzusunda geniş məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, keçən əsrin 60-cı illərindən başlamaqla ölkəmizin 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub: “Bu müddət ərzində Heydər Əliyev tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, demokratik dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə edib”.

 

Baş prokuror qeyd edib ki, doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan  dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olub və millətinə rəhbərlik edib: “Müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğuna və demokratik məzmunda yenidən formalaşmasına görə də ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəçiliyi sistemində öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub”.

 

Baş prokuror Zakir Qaralov bildirib ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də milli prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.

 

Baş prokuror konfrans iştirakçıları və prokurorluq orqanlarının bütün əməkdaşları adından əminliyini bildirib ki, prokurorluğun kollektivi həmişə Heydər Əliyev ideyalarına sadiq olacaq, onun unudulmaz xatirəsini əziz tutacaq və bütün qüvvələrini Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu möhtəşəm ideyaların həyata keçirilməsinə  istiqamətləndirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Oxşar yazılar