Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli və əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramının həyata keçirilməsinə başlayır.
Bu barədə Lent.az-a IDEA İctimai Birliyindən məlumat verilib. Proqram çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılacaq. Belə ki, vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda qaynar xətt vasitəsi ilə şikayət və təkliflərini IDEA İB-yə çatdıra biləcəklər. Mobil qrup isə daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplayacaq.
Bundan əlavə, vətəndaşlar qanunsuz ağac kəsimi ilə bağlı müraciətlərini IDEA İctimai Birliyinin rəsmi internet səhifəsinə (www.ideacampaign.org) daxil olmaqla da ünvanlamaq imkanı əldə edəcəklər. Problemi daha dəqiq işıqlandırmaq üçün ağac kəsilən ərazinin fotolarını da veb-səhifəyə yükləmək mümkün olacaq. Şikayət və təkliflər IDEA İB-nin əməkdaşları tərəfindən yerində araşdırıldıqdan sonra toplanmış sübut və materiallar hadisə ilə bağlı qərar verilməsi üçün aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək.
Qeyd edək ki, IDEA göndərilən müraciətlərdə öz əksini tapan problemlərin həlli prosesini izləyəcək.
Xatırladaq ki, IDEA İctimai Birliyi fəaliyyət göstərdiyi 3 il müddətində insanların, xüsusilə gənc nəslin ekoloji cəhətdən maariflənməsində böyük rol oynayıb, ölkəmizdə təbii mühitin sağlamlaşdırılmasına təkan verilməsi üçün iri və kiçik miqyaslı ekoloji layihələr həyata keçirib. Bu tədbirlər arasında kütləvi ağac əkmə aksiyaları xüsusi yer tutur.
Aksiyalar çərçivəsində bu günədək 3 milyon 472 mindən çox ağac əkilib.