Alı kişi kəndin ən yaşlı adamlarından idi. Rəhmətə gedəndə, yaşı 85-dən çox olardı ki, az olmazdı. Müharibə görmüş adam idi. Görmək də nə görmək. Özü danışırdı, amma son vaxtlar danışırdı ha, müstəqillikdən sonra. Sovetin vaxtı nəinki danışmaq, heç ağlından keçirmək olmazdı belə şeyləri. Deyirdi ilk döyüşdə, hələ macal eləyib güllə atmamışdıq ki, əsir düşdük. Almanlar üzünə pis baxmamışdı kişinin. Pribaltika ölkələrindən hansındasa, bir qəsəbədə poçtalyon işləyirmiş. Bir dəfə partizanların silah anbarını yandırmaq istədiyini görüb, alman ordusuna xəbər vermişdi, almanlar da əhdə vəfalı millətdi axı, kişini ordenlə təltif ediblər. “ Müharibə qurtarandan sonra , Tallin tərəflərdə medalı çıxardıb tulladım, keçdim öz tərəfimizə” – beləcə də deyirdi... NKVD-də qohumu varmış, o qoymayıb işi qurdalasınlar, yoxsa əlli-ayaqlı gedəcəkmiş - hər dəfə, söhbətin sonunda bunu xüsusi vurğu ilə əlavə edər, NKVD işləyən qohumu ilə görüşünü danışardı: “Başında qara meşin papaq, əynində də eyni rəngdə dəri pencək, oturmuşdu kabinetin başında”. Bu sözlər hələ də qulağımdadı, eyni ilə rəhmətlik özü deyirmiş kimi... Bu belə...
Oğlu jurnalist idi. Kəndin ilk jurnalisti. Hələ də qohum-qəbilənin evində, qəzetlərdən kəsilmiş yazıları vardı, ailə şəkilləri vurulan divarda, şəkillərlə yanaşı vurulurdu. “Həqiqət” qəzetində işləyirdi. Bu qəzet müstəqilliyin ilk illərində özünü məhkəmələrin orqanı kimi tanıtmağı bacardığından, hələ də rayon məhkəmələri, müstəntiqlər, prokurorlar bu qəzetin işçilərinə “görüm-baxım” edirdilər. Biz tərəflərin “görüm-baxım kuratoru” da elə o idi. Heç yerdən boş qayıtmazdı. Bircə dəfə gömrük rəisi qovmuşdu, həm də pis qovmuşdu. Kənddə bunu, onu gömrüyə öz maşını ilə aparan dostu deyirdi, bir az da üstünə qoya-qoya: “Zobanın (gömrük rəisinə elə deyirdilər) kabinetinin qabağında oturmuşduq, gördük köməkçisi çıxdı. 4-5 nəfər saydı ki, siz gözləyin, bir o qədər adama da dedi ki, siz gedin, müəllim sizi qəbul etməyəcək. Bu dedi, yaxşı, bəs mən neyniyim? Oğlan dedi ki, “sən getmə eee, voobşe ....burdan”. Sonra da qeyd elədi ki, məhz bu formada deməyi Zoba özü tapşırıb”. Hər dəfə burasına çatanda hamı gülüşürdü... Həə, bu da belə. Hələlik yadda saxlayın, düzələcək qalanı...
Nəriman kişinin konkret işi yox idi, di gəl, hər iş görürdü. Payızdısa, gedib yuxarı kəndlərdən, dağların o üzündən qoyun-qoç alıb gətirəcəkdi satmağa. Yaz-yaydısa, bənnalıq edəcəkdi. Hərçənd ki, bir neçə dəfə tikdiyi divarın ömrü iki gün olmuşdu. Hətta bir dəfəsində, təzəcə qurtarıb əllərini yuyurmuş ki, bir qismət çörək yesin, tikdiyi divar uçub tökülmüşdü, cəld tərpənməsə altında qalacaqmış. Ən çox da qəssablıq edirdi. Kimin kəsiləsi malı heyvanı varsa, Nəriman dayı yetirəcəkdi özünü. Di gəl, bir xasiyyəti vardı, kəsdiyi heyvanın ən yaxşı tikələrini pencəyinin cibindən çıxardığı alabəzək “ət torbasına” dolduracaqdı. Bunu bəzən aşkarda, bəzən gizlində edərdi. Quzunun bir böyrəyini torbaya atıb, “bu quzu tay böyrək imiş ki...” deməsi kənddə zərb-məsələ çevrilmişdi. İki arvad saxlayırdı. Daha doğrusu, ikincini siğə eləmişdi. Bu iki arvadın arasında gedən “soyuq müharibənin” “qələbə bayrağı” elə həmən ət torbası idi. Kişinin axşam hansı arvadın yanında olduğunu, kənd camaatı səhər tezdən yuyulub şəridə asılmış ət torbasından bilirdi. Bu torba vasitəsi ilə arvadlar bir-birinə “qələbə mesajı” göndərirdilər... Nəysə, bundan da bu qədər. Darıxmayın, parçaları birləşdirəcəm.
Biz tərəflərə sərhəd açıldıqdan sonra əvvəlcə Türkiyənin adamları tək-tək qonaq gəlməyə başladı. “Krosna antenna”larla birlikdə filmləri, müğənniləri həyatımıza girdi. Ən sonda, kənddən hər evdən ən azı bir nəfər İstanbulda işləməyə gedəndən sonra da futbol komandaları gündəlik söhbətlərimizin mövzusuna çevrildi. Kəndin meydanında Türkiyə komandalarının mübahisəsi elə gedirdi, deyərdin, bəlkə İstanbulun Kadıköy stadionundasan, “Qalatasaray”la “Fənər” oyunudu. Həəə, bax beləcəydi, hələ bir az da artıq idi.
Alı kişi rəhmətə gedən gün “Qalatasaray” final oynayacaqdı. Hə, məhz o həmən finalı. Neçə vaxtdı, bütün Türk dünyasını sevindirən, qürur yaşadan bu komanda Türkiyə futbolunun tarixində ilk dəfə Avropa kubokunun qalibi ola bilərdi, o da bu axşam bəlli olacaqdı. Di gəl, biz tərəfdə ölü öldümü, heç olmasa bir gün televizor açmaq, nəyəsə baxmaq, hətta televizor haqda danışmaq ayıb sayılırdı. Nəsə fikirləşmək lazım idi. Üzlərdəki hüzn buzunu kəndin çoxbilmiş cavanlarından Çayır Sahib pozdu. Alı kişinin meyitini yuyan Nəriman kişiyə işarə edib dedi ki, rəhmətliyi kəfənləyəndə diqqətlə baxmaq lazımdı, böyrəyindən, dalağından nəsə əskik gələ bilər. Boğula-boğula, içinə sala-sala gülüş səsi yası bürüdü. Gənclər, elə yaranmış bu boşluqdan “girib”, futbol söhbətini başladılar... Əşşi, rəhmətlik gününü görüb, dövranını sürmüş adam idi. Allah rəhmət eləsin...
Dəfndən sonra davam edən söhbətlərdə, rəhmətliyin balaca oğlu etiraf elədi ki, özü də axşam baxacaq futbola, bu tarixi hadisəni qaçırmaq olmaz: “Əşi, konsert deyil ki. Gedin baxın hamınız. İnşallah, türk olduğumuzla bu gecə bir daha qürur duyarıq”. Söhbət elə yön almışdı ki, oyunu izləməyəcəm deyənə pis baxırdıq. Amma yalandan da demək olmazdı e, səhər müzakirəsi olacaqdı. Baxacam deyən baxmalıydı. Axşama yaxın, Alı kişinin jurnalist oğlu da dedi ki, mən də baxacam. Baxmağa yer də tapmışdı. Bacısının yoldaşı Asif əmi gilə gedəcəkdi. Asif əmi, öz halında şofer adam idi, futbol-zad çətin ki, onluq olaydı. Di gəl, çox ürəklə deyirdi ki, baxmaq lazımdı. Üçüncü yoldaşları isə, o biri kənddən gələn yeznə, Tağı kişiydi. Montyor Tağı. Axşam dağılışdıq...
Səhər tezdən gələn kimi futbol söhbətləri yası bürüdü. Hamı az qalırdı bir-birini bağrına basıb təbrik eləyə. Saat on biri keçmişdi ki, həmin o “məşhur üçlük” gəldi. Bütün məclis, sanki bu anı gözləyirdi, görək jurnalist kəndçimiz “Qalatasaray”ın qələbəsini hansı sözlərlə təsvir edəcək. Oturmağı ilə də, qabağına qoyulan çaydan bir qurtum içib, üzünü məclisə tutdu:
- Əla futbol oldu. “Qalatasaray”a “malades”, çox gözəl oynadı. Heyf ki, heç-heçə qurtardı oyun, udsaydı lap əla olardı...
Sən demə “bizimkilər”, əsas hissə heç-heçə qurtarandan sonra televizoru söndürüb, yatıblar. Elə biliblər ki, final oyunu heç-heçə bitdi...