Respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişmiş, yanvarın 8-də axşam və 9-da gecə və səhər intensiv qar müşahidə olunub. Yanvarın 10-da hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı keçəcəyi, ölkə ərazisində qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, yolların buz bağlayacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 10-da soyuq hava şəraitinin davam edəcəyi, arabir qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.