Sentyabrın 23-dən 24-nə keçən gecə soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində Bakı şəhərində güclü yağış yağıb, şimşək çaxıb. Bakı şəhərində yerləşən hidrometeoroloji stansiyaların məlumatına əsasən, 4 saat ərzində düşən yağışın miqdarı 30-33 mm təşkil edib ki, bu da aylıq normanın 174-192 faizinə bərabərdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, çoxillik meteoroloji məlumatlara əsasən, Bakı şəhərində sentyabr ayı üçün yağıntının sutkalıq rekord göstəricisi 1980-ci ildə qeydə alınıb və 12 saat ərzində düşən yağışın miqdarı 46 mm olub.
Ümumilikdə, sentyabrın 22-si axşamdan başlayaraq 24-ü səhərədək ölkə ərazisində ən çox düşən yağışın miqdarı Cəfərxanda 82 mm olmaqla aylıq normanın 443 faizini, Qazıməmməddə 72 mm olmaqla aylıq normanın 500 faizini, Bakıda 44 mm olmaqla aylıq normanın 256 faizini, Maştağada 44 mm olmaqla aylıq normanın 196 faizini, İmişli, Beyləqanda 35 mm olmaqla aylıq normanın 177 faizini, Tərtərdə 35 mm olmaqla aylıq normanın 140 faizini təşkil edib.